Hesablama metoduna keçən fiziki şəxslərin vergi öhdəlikləri
Qanunvericiliyə əsasən, fərdi sahibkarlar vergi öhdəliklərini yerinə yetirmək üçün kassa və ya hesablama metodlarından birini seçməlidirlər. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Bakı Karyera Mərkəzinin direktoru Təhməz Qaçayev bu zaman onların gəlirdən çıxılan xərclərinin də nəzərə alınması və digər məsələlərlə bağlı suallara misalla aydınlıq gətirir.
Tutaq ki, əvvəlki ildə gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan fərdi sahibkar cari ildə hesablama metodundan istifadə edir. Cari ilin əvvəlinə 5.000 manat debitor, 2.000 manat kreditor borcu yaranıb. Cari ildə 170.000 manatlıq mal təqdim edib və 110.000 manatlıq işlər və xidmətlər alıb. Alınmış işlər və xidmətlərin 4.000 manatlıq hissəsi fərdi məqsədlər üçün olub. Hesabat ilinin sentyabr ayının 1-də 12 ay müddətində icarə müqaviləsi bağlanıb və aylıq icarə haqqı 5.000 manat olan obyekt icarəyə götürüb. İcarə məbləğinin hər ayın sonunda ödənilməsi nəzərdə tutulub. Fərdi sahibkarın təqdim edilmiş mallar üzrə 7.000 manat debitor borcu, icarə haqqı üzrə isə 3.000 manat kreditor borcu yaranıb. Fərdi sahibkar icarəyə götürdüyü, balansında uçota almadığı binaya 15.000 manat təmir xərci çəkib. Çəkilmiş təmir xərci icarə haqqı ilə əvəzləşdirilməyıb. Fərdi sahibkarın gəlirdən çıxılmasına yol verilən digər xərcləri 25.000 manat olub. Göstərilən məbləğlərə ƏDV daxil deyil. Fərdi sahibkarın il ərzində ödəməli olduğu gəlir vergisini hesablayaq.
Qeyd edək ki, sahibkarın əvvəlki ildə kassa metodu ilə uçot aparmasını və cari ildə hesablama metodu ilə uçot aparmasını, eləcə də əvvəlki ildən yaranan debitor və kreditor borclarını cari ildə nəzərə almaq lazımdır. Növbəti hal ondan ibarətdir ki, cari ildə hesablama metodunu seçdiyi üçün yaranmış debitor və kreditor borclar nəzərə alınmamalıdır.
Ümumi gəlir- 170.000 + 5.000 = 175000 manat.
İcarəyə götürülmüş bina üzrə icarə xərclərini cari hesabat dövrü üzrə bölüşdürməli, təmir xərcini isə kapitallaşdıraraq amortizasiya ayırması şəklində gəlirdən çıxmalıyıq.
Amortizasiya xərci – 1.050 manat
İcarə xərci - 5.000 x 4 = 20.000 manat
Gəlirdən çıxılan bütün xərclər - (110.000 – 4.000) + 2.000 + 1.050 + 20.000 + 25.000 = 154.050 manat.
Vergiyə cəlb olunan gəlir – 175.000 - 154.050 = 20.950 manat;
Gəlir vergisi – 20.950 x 20% = 4.190 manat.
Onu da deyək ki, hesablama zamanı Vergi Məcəlləsinin 99.2, 101.3, 115.6, 130, 132, 133, 134, 135, 136-cı maddələrinə əsaslanılır.