15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: “Təşviq mexanizmləri dövlətin sahibkarın yanında olması deməkdir”

Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərmanı (https://president.az/az/articles/view/59556) daha çox sahibkarın işğaldan azad edilmiş ərazilərə investisiya yatırmasına imkan yaradacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2021-ci il tarixli Sərəncamını (https://president.az/az/articles/view/54575) xatırladan komitə sədrinin sözlərinə görə, tapşırıqlara uyğun olaraq, Azərbaycan parlamenti 2022-ci ilin sonunda büdcə paketi ilə birlikdə təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi və gömrük güzəştlərinin, sosial sığorta haqlarına güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qanunlara dəyişiklik edib. Qanunlara edilən dəyişikliklər nəticəsində işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub: “Sahibkarlara işğaldan azad olunmuş ərazilərdə digər mühüm sahələrdə də fəaliyyət göstərdiyi zaman güzəşt əldə etmək, investisiya qoyduqları zaman təşviq mexanizmindən istifadə etmək kimi imkanlar yaradılıb”.

Bu güzəştlər sahibkarların işğaldan azad edilmiş ərazilərimizin
bərpasında iştirak etməsinə, Qarabağın ölkə iqtisadiyyatına
inteqrasiya olunmasına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq

T.Mirkişili hesab edir ki, “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərman da məhz bu istiqamətdə olan tədbirlərin növbəti bir mərhələsidir. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə qərara alınıb ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilsin: “Bu, bir tərəfdən dövlətin sahibkarlara mühüm maliyyə dəstəyi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, istehsal fəaliyyəti zamanı kommunal xidmətlər maya dəyərində “oturduğuna” görə, bu fərmanın icrası istehsal olunan məhsulların daha ucuz başa gəlməsinə və bununla da rəqabətqabiliyyətliliyin daha da yüksəlməsinə səbəb olacaq”.

Fərman həm də sahibkarın qənaət olunan vəsaiti daha çox investisiya formasında iqtisadi fəaliyyətə yönəltməsinə imkan verəcək: “Ümumilikdə isə dövlətin göstərdiyi bu təşviq mexanizmləri onun daha çox sahibkarın yanında olması deməkdir. Bu güzəştlər sahibkarların işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etməsinə, Qarabağın ölkə iqtisadiyyatına inteqrasiya olunmasına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?