Sahibkar Rahim Ağayev: “Sahibkarlığın İnkişafı Fondunun verdiyi vəsaitlə badam bağı saldıq”
Badamın yabanı halda geniş yayıldığı Azərbaycanda sənaye məqsədilə badam yetişdirilməsinə maraq artır. Dövlətin dəstəyi ilə intensiv bağçılığın genişlənməsi ölkənin badama olan daxili tələbatının müəyyən hissəsinin ödənilməsinə imkan verir.
2021-ci ildə təsis edilmiş "AGROLİFE COMPANY" MMC Azərbaycanda badamçılığın inkişafında rol oynayan müəssisələrdən biridir. Şirkət investisiya dəyəri 1 milyon 678 min manat olan badam bağının salınması layihəsinin gercəkləşməsi üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondundan (SİF) güzəştli şərtlərlə 1 milyon manat kredit alıb, qalan vəsait isə təsisçinin investisiyası hesabına olub.
"AGROLİFE COMPANY" MMC-nin direktoru Rahim Ağayevin sözlərinə görə, SİF-in verdiyi vəsait layihə üçün əsas investisiya mənbəyidir. SİF-in vəsaiti hesabına məsafədən idarə olunan damcılı suvarma sisteminin quraşdırılması, badam tinglərinin alınması, sahənin hazırlanması, təxminən 4.500 metr perimetrdə ərazinin hasarlanması, süni gölün yaradılması, anbarın tikilməsi kimi işlər görülüb: “SİF-in vəsaiti ilə çox qısa vaxtda - iki ay ərzində, 2022-ci ilin fevral ayında bağı tam hazır vəziyyətə gətirdik. SİF-lə səmərəli işgüzar əlaqələr qurduq.
Bundan başqa, Aqrar Kredit və İnkişaf Agentliyindən güzəştlə subsidiya almışıq. Hazırda badam istehsalçılarına ildə bir dəfə subsidiya verilir. Bu məbləğ müəyyən xərcləri qarşılamaq üçün çox böyük dəstəkdir. Subsidiya beş il eyni qaydada verilir. Beş ildən sonra bağ iqtisadi səmərəli dövrünə, yəni istehsal dövrünə tam keçid edəndən sonra subsidiya məbləği azaldılır. İndiki vəziyyət göstərir ki, biz bazara 5 ildən daha tez məhsul çıxaracağıq”.
R.Ağayev bildirib ki, İsmayıllı rayonunda 70 hektar sahədə badam bağı salınarkən Türkiyənin İzmir şəhərindən fransız və ispan sortları olan dörd növ ting gətiriblər və ərazinin 12 bölümündə ümumilikdə 46.000 ağac əkiblər.
İqtisadi tərəfi ilə yanaşı, ekoloji tərəfdən də belə bağların salınmasını yüksək qiymətləndirən sahibkar bildirib ki, fəaliyyətə başlamazdan əvvəl Azərbaycanın, regionun və dünya bazarının badama tələbatını və istehsal tendensiyalarını araşdırıblar: “Məsələn, gördük ki, bu gün Amerikada, Avropa ölkələrində badam istehsalı səviyyəsi hər il aşağı düşür. Ola bilər ki, bu, mövcud bağlardakı ağacların qocalması və yeni bağların salınmaması ilə əlaqədardır. Türkiyə, İran, Hindistan və Azərbaycan kimi ölkələrdə isə rəqəmlər getdikcə yüksəlir”.
Azərbaycanda badam bağı sahəsinə görə ilk onluqda olduqlarını xatırladan R.Ağayev böyük badam bağı olan digər şirkətlərlə işgüzar əlaqələr qurduqlarını, onların təcrübələrini öyrəndiklərini söyləyib. O, deyib ki, bağın salınmasından bir il ötməsinə baxmayaraq, artıq meyvə verən ağaclar var: “Ağaclar çox cavandır, amma onların tez meyvə verməsi bizim aqrotexniki tədbirlərimizin, uyğun ərazinin seçilməsinin, suvarmanın düzgün aparılmasının, tinglərin düzgün müəyyən edilməsinin nəticəsidir”.
İş adamı ümid edir ki, bazara ilk məhsulu gələn il çıxara biləcəklər. Mövsüm dövründə hər ağacdan 10 kiloya yaxın qabıqlı meyvənin götürüləcəyi təxmin edilir. Bu, növündən asılı olaraq, bir ağacdan üç kilo təmiz ləpə əldə etməyə imkan verir. Bununla da il ərzində 46.000 ağacdan 150 tona yaxın ləpənin istehsal olunacağı proqnozlaşdırılır”.
R.Ağayev qeyd edib ki, bu cür layihələrin icrası yerli istehsalın həcminin artırılmasına, qida təhlükəsizliyinin təmin olunmasına, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına, məşğulluğun yaxşılaşdırılmasına xidmət edir: “Bütün işçi qüvvəmiz ətraf ərazidə yaşayan əhalidir. Gələcəkdə işçi qüvvəsinə tələbatımız daha da artacaq, çünki il ərzində meyvə yığımı, onun qurudulması, daşınması və s. həyata keçiriləcək”.
İlhamə İSABALAYEVA