15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Damlalardan yaranır... REPORTAJ

Qaradağ Şüşə Zavodundan reportaj

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “ASK Glass” MMC-yə - Qaradağ Şüşə Zavoduna media nümayəndələrinin səfərini təşkil etməsində başlıca məqsəd sahibkarların bu müəssisə haqqında məlumatlandırılması, özəlləşdirməyə potensial investorların cəlb edilməsi idi...

2018-ci ildə yaradılan “ASK Glass” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 hektar ərazidə yerləşən, İtaliyanın müasir avadanlıqları ilə təchiz olunmuş zavod regionun ən böyük şüşə istehsalçısıdır. Buraya xammalın əsas hissəsi Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir, bir qismi isə ölkəmizdə istehsal olunur. Xammal kimi istifadə olunan şüşəni, əsasən, respublikanın emal müəssisələri tədarük edir.

Əvvəlcə zavodun infrastrukturu ilə tanış olduq, yaranma tarixi, istehsal prosesi barədə məlumat aldıq.

Bildirdilər ki, zavod xammala qənaətlə yanaşır, bəzən təkrar emal üçün sınmış şüşə məmulatların parçalarından istifadə edilir. Onu da deyim ki, şüşə təbii şəkildə parçalanmadığına görə şüşə qablar və butulkalar zibilxanalar üçün əsl fəlakətə çevrilir. Bir şüşənin parçalanması təxminən 1 milyon il çəkir. Əslində, sən demə, şüşənin özü təbiətin yaratdığı möcüzə imiş. Şimşək qumu vurduqda əridir və fulqurite çevirir...

Zavodda isə bütün proses sobadan başlayır. Zavodun soba olan hissəsi çox isti olduğundan buranın idarəetmə paneli ayrıca kondisionerli akvariumda yerləşir. Burada sobanın işləməsi üçün proqram qura, bütün parametrləri izləyə bilərsiniz. Sobanın üstündəki monitorlar sadəcə alovu göstərir. Şüşə sobası heç vaxt işini dayandırmır. Temperatur enəndə sobanın içindəki şüşə sərtləşir və sobanı yenidən söküb-qurmaq lazım gəlir.

Nəhəng konteynerlərdə şixta var. Bu, əritmə sobasına yüklənən materialların qarışığıdır. Şüşə əldə etmək üçün kvars qumu, alüminium oksidi, bor turşusu, soda külü, natrium və kalium nitrat, natrium xlorid və feldispatı qarışdırmaq lazımdır.

Burada isə silikatın formalaşması baş verir. Bu mərhələ onunla xarakterizə olunur ki, sonda qarışıqda bərk komponentlər arasında reaksiyalar tamamlanır və mürəkkəb silikat birləşmələri əmələ gəlir. Şixta çox sayda qaz baloncukları və reaksiyaya girməmiş qarışığın hissəciklərinin nüfuz etdiyi köpüklü qeyri-şəffaf ərintiyə çevrilir. Bu mərhələdən keçərkən qarışığın komponentləri bir sıra transformasiyalara məruz qalır: nəm buxarlanır, hidratlar, duzlar, peroksidlər parçalanır, silisium kristal quruluşunu dəyişir.

… Spiral formalı dar bir pilləkənlə qalxırıq. Qarşımızda şüşənin formalaşması prosesinin baş verdiyi geniş bir otaq var. Bu mərhələdə ərimə zamanı baş verən bütün kimyəvi reaksiyalar sona çatır. Hidratlar, karbonatlar, sulfatlar arasında qarşılıqlı təsir nəticəsində kompleks silikatlar əmələ gəlir; kvars dənələri, nəhayət, həll olunur və ərintilərə keçir; şüşə kütləsi həll olunmamış yük hissəcikləri olmadan nisbətən homojen və şəffaf olur. Şüşənin əmələgəlmə prosesinin sürəti silikatın əmələgəlmə sürətindən 8-9 dəfə aşağıdır. Şüşə qəliblərə qaynar halda verilir. Bu mənzərə belə görünür: sobadan bir damla şüşə ərintisi axır. Damla xüsusi qayçı ilə kəsilir və hazır formaya salınır.

Səfərimiz zamanı zavodda şüşə qablar hazırlanırdı. Konveyerlər şüşələri yığınlara düzmək üçün bir neçə robota tərəf aparır. Damla banka formasını alandan sonra sürətlə soyudulur, nəticədə maye bərkiyib şüşəyə çevrilir.

Alovla cilalama bankanın kənarlarını əritməyə imkan verir, onları təhlükəsiz edir, həmçinin şüşəyə xarakterik parıltı verir. Bundan sonra bankalar sobaya daxil olur. Bu, şüşədən gərginliyi aradan qaldırmağa imkan verən çox vacib prosesdir. Bu edilmədikdə şüşə məmulat kövrək olur, əlimizdə partlaya bilir. Soyuduqdan sonra hazır bankalar çeşidlənməyə göndərilir. Bu mərhələdə çatlar və digər qüsurlar müəyyən edilir. Qüsurlu şüşə yenidən əridilməyə göndərilir. Nədənsə, məişətimizdə son vaxtlar şüşə məmulatların təkrar emala göndərilməsinə o qədər də əhəmiyyət verilmir. Şüşə butulkaların və digər lazımsız əşyaların təkrar emal üçün təhvil verilməsi cəmiyyət üçün faydalı ola bilər. Bununla şüşəyə yeni məhsullar şəklində ikinci həyat vermis olarıq. Tullantıların utilizasiyası təbiəti qorumağa və gələcək nəsillər üçün mümkün ekoloji fəlakətlərin qarşısını almağa zəmin yaradır...

Media nümyəndələrinin səfəri başa çatır. Düzünü deyim ki, heç bir təsvir, heç bir müfəssəl təqdimat zavodda şüşə istehsalı prosesini gözlə görməyin əvəzini verə bilməz.

Nizamnamə kapitalı 35,95 milyon manat olan Qaradağ Şüşə Zavodunun illik istehsal gücü 65 milyon ədəd şüşə qab təşkil edir. Bu, sutkada 130 min qab deməkdir. Hazırda müəssisədə 210 nəfər daimi işlə təmin olunub.

2023-cü ilin əvvəlində “ASK Glass” MMC yerli şirkətlərlə 35 milyon ədəd şüşə qab istehsalı üçün müqavilələr imzalayıb.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?