Yeni nəqliyyat dəhlizləri mövcud marşrutlar üçün rəqabət yaratmır
Azərbaycan Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) limanları ilə bərə əlaqəsi yaradıb.
“vergiler.az” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov “Mərkəzi Asiyada nəqliyyat dəhlizləri: Qırğızıstan üçün yeni imkanlar” beynəlxalq forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafına üstünlük verir. Bu məqsədlə qısa müddətdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkmək mümkün oldu.
Bildirilib ki, Xəzərdəki ən böyük ticarət donanması da Azərbaycana məxsusdur. Eyni zamanda, ölkənin ticarət gəmiləri də Qara dənizdə hərəkət edir.
Səfirin qeyd etdiyi kimi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Şimali Afrika ölkələri və ərəb ölkələri üçün Avropaya daha bir əlavə marşrut açmağa imkan verəcək.
L.Qəndilovun fikrincə, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması mövcud marşrutlar üçün rəqabət yaratmır, əksinə, onları tamamlayır. Bakıdan olan tranzitlə iki marşrut açılır - Cənubi və Şərqi Avropa ölkələrinə və Şimali Avropa ölkələrinə.