Orta dəhliz boyu tranzit potensialının cəlbediciliyi artırılacaq
Gələn ay Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyu ölkələrin gömrük xidmətlərinin rəhbərləri bir araya gələcəklər.
"vergiler.az" xəbər verir ki, bunu "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilən konfransda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda təşkil olunacaq konfransda dəhliz üzərindən gömrük prosedurlarının sadələşdirilməsi məsələsinə toxunulacaq: “Konfransda bu ölkələrin gömrük xidmətləri ilə birlikdə atdığımız addımlar geniş müzakirə olunacaq. Məqsədimiz Orta dəhliz boyu ölkələrin birgə marağını ortaya qoyaraq, vahid bir platformada tranzit potensialının cəlbediciliyinin artırılmasına nail olmaqdır”.