Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib
Fevralın 13-də ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların, biznes assosiasiyaların, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.
Forum Azərbaycan və İsrail iş adamları arasında təhsil və kənd təsərrüfatı sahələrində tətbiq olunan texnogiyalar və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb.
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışlarında forumun məqsədi, Azərbaycan-İsrail əlaqələri, iş adamları arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Tədbir ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat-Negev” Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil və elm sahələrində son illər ərzində tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə Azərbaycan-İsrail əməkdaşlığı və bu sektorlarda əlaqələrin genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalar ilə bağlı fikirlərini bildiriblər.
Gün ərzində davam edəcək təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparacaqlar.
Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasında innovasiyaların rolu, bu sahədə Azərbaycan və İsrail iş adamlarının təcrübə mübadiləsi, aqrar startapçıların innovativ ideyalarının reallaşması və s. məsələlərə dair fikir mübadiləsi aparılacaqdır.
Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcəkdir.