Elşad Nuriyev: “Güzəştlər baxımından dövlət və özəl sənaye məhəllələri arasında fərq olmayacaq”
Öz rezidentlərinə verdikləri güzəştlər baxımından dövlət və özəl sənaye məhəllələri arasında heç bir fərq olmayacaq. Bunu “vergiler.az”a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, özəl sənaye məhəllələrində infrastruktura investisiyanı özəl şirkət yatıracaq, operatorluğu özəl şirkət həyata keçirəcək, dövlət qurumları isə müvafiq qanunvericilik çərçivəsində tənzimləyici funksiyaları həyata keçirəcəklər.
Özəl sənaye məhəllələrinin fəaliyyət istiqamətləri regionlardan asılı olacaq: “Bizim iqtisadi rayonlarımızın fəaliyyət istiqamətləri çoxşaxəlidir, aqrar sektor və sənaye üzrə ixtisaslaşmış iqtisadi rayonlarımız var. Ona görə də düşünürəm ki, sənaye məhəllələrinin hansı istiqamətlər üzrə qurulacağını bazar özü tənzimləməlidir və bu, təbii bir proses olmalıdır”.
Azərbaycanın hansı bölgələrində sənaye məhəllələrinin yaradılması imkanlarının mövcud olduğuna gəlincə, E.Nuriyev bununla bağlı məhdudiyyətin olmadığını bildirib: “Hesab edirəm ki, özəl sənaye məhəllələri istənilən bölgədə yaradıla bilər. Yetər ki, sahibkarlıq subyektləri özləri buna maraq göstərsinlər və bunun üçün dövlətə müraciət etsinlər. Amma süni şəkildə sənaye məhəlləsi yaradıb, daha sonra ora üçün sahibkarlar tapmaq lazım deyil. Yalnız sahibkarlar kütləsi formalaşdırıldıqdan sonra sənaye məhəllələri yaradıla bilər”.
E.Nuriyev bildirib ki, hazırkı mərhələdə özəl olaraq yalnız sənaye məhəllələrinin yaradılmasından söhbət gedir. Gələcəkdə özəl sənaye parklarının yaradılması məsələsinə də baxıla bilər.
İlhamə İSABALAYEVA