8 İyul 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli kağızlar bazarının icmal göstəriciləri

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2019-cu ilin birinci rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 milyard 663,5 milyon manat həcmində əməliyyat aparılıb. Əməliyyatların 73,2 faizi (4 milyard 144,8 milyon manat) ilkin bazarda, 26,8 faizi (1 milyard 518,7 milyon manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz (1 milyard 103,2 milyon manata) artıb.

Korporativ qiymətli kağızlar

2019-cu ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3,3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 milyon manata çatıb. Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37 faiz artım müşahidə olunub.

Dövlət qiymətli kağızları

Dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz (2 milyard 608,2 milyon manat) artaraq 3 milyard 671,8 milyon manat təşkil edib. Bunun 227,5 milyon manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 milyard 444 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Rüb ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151,8 milyon manat və 3 milyard 363,1 milyon manat məbləğində yerləşdirmə olub.

Repo və əks-repo əməliyyatlar

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 milyon manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16 faiz artaraq 92,6 milyon manat təşkil edib.

2019-cu ilin birinci rübü üzrə qiymətli kağızlar bazarına dair statistik məlumatlar icmal göstəricilərdə öz əksini tapıb.