8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib

Respublikamızda ötən il anonsu verilən böyük sosial paketin icrası 2019-cu ilin əvvəlindən aktiv fazaya daxil olub. Prezident İlham Əliyev aprelin 30-da keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Müsahibimiz millət vəkili Azər Badamovdur.

- Azər müəllim, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr haqqında nə deyə bilərsiniz?

- Birinci rübün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ölkə başçısı birinci rübün uğurlarını ətraflı təhlil etdi. Təbii ki, 2019-cu ilin uğurlu olacağı ilin əvvəlinin proqnozlarında da qeyd olunmuşdu. Azərbaycan iqtisadiyyatı müəyyən olunmuş proqramlar üzrə inkişaf etdirilir. Hər bir proqramda müəyyən dövr üçün konkret hədəflər müəyyənləşdirilir. Amma 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi neft istehsal edən ölkələrin iqtisadiyyatlarında şoklar yaşatdı. Azərbaycan da neft istehsal edən ölkə olduğundan milli valyutamız kəskin ucuzlaşdı, iqtisadiyyatımız müəyyən çətinliklərlə üzləşdi. Amma ölkə başçımızın düşünülmüş siyasəti ölkəmizdə həyata keçirilməsi planlaşdırılan proqramları 10 il önə çəkməyi şərtləndirdi və iqtisadiyyatımızı yeni qlobal çağırışlara uyğun qurmaq məsələsi aktuallaşdı. Yeni çağırışlar iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və diversifikasiya olunmuş qeyri-neft iqtisadiyyatını inkişaf etdirməkdən ibarət idi. 2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas aparıcı 11 sektoru üzrə Strateji Yol Xəritələri hazırlanaraq təsdiq olundu. Sənayenin, kənd təsərrüfatının, turizmin, İKT-nin və başqa sahələrin inkişaf edirilməsi üzrə konkret hədəflər müəyyənləşdirildi. Çevik iqtisadi siyasətin göstəricisi oldu ki, qısa zaman ərzində Azərbaycan iqtisadiyyatında sabitləşmə yarandı. 2016-2017-ci illər iqtisadiyyatımızın sabitləşməsi illəri oldu. 2018-ci il dərin islahatlar ili kimi tarixə düşdü. 2019-cu il isə yüksək inkişaf ili olacaqdır. Birinci rübün sosial-iqtisadi göstəriciləri uğurlarımızın davamlı olacağından xəbər verir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 3 faiz; sənaye 4,4 faiz; qeyri-neft sənaye 15,6 faiz; əhalinin pul gəlirləri 5,5 faiz; kənd təssərüfatı isə 3,6 faiz artmışdır. Bütün bu artımların fonunda inflyasiya çox aşağı həddə qalaraq 2,1 faiz olmuşdur.

Onu da qeyd etmək istəyirəm ki, ölkədə aparılan struktur islahatları, vergi və gömrük sahəsində müasir çağırışlara uyğun idarəetmə sisteminin qurulması bu sahələrdə yeni iş mühiti formalaşdırmışdır. İdarəetmədə innovasiyalardan istifadə olunması, şəffaflığın, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində aparılan tədbirlər öz nəticəsini verməkdədir. Məhz cari ilin I rübündə Vergilər Nazirliyindən proqnozdan əlavə 150 milyon manat, gömrükdən 50 milyon manat vəsaitin büdcəyə daxil olmasını bu sahələrdə aparılan islahatların uğurlu nəticəsi kimi qeyd etmək olar.

Vergi sitemindəki islahatların uğurlarını ayrıca araşdırsaq və Vergilər Nazirliyinin 3 saylı ərazi idarəsi üzrə nəzər yetirsək, təkcə bir regional idarədə proqnoz tapşırıqların 157,9 faiz yerinə yetirildiyini görərik. Bu onu deməyimizə imkan verir ki, vergi sistemində yeni yanaşma meydana gəlmişdir. Bu artım düzgün qurulmuş idaretmə sisteminin formalaşdırılması sayəsində əldə olunmuşdur. Həm vergi ödəyicilərinin məmnunluğu təmin olunur, həm də proqnozlar artımla icra olunur.

- İqtisadiyyatın yeni inkişaf strategiyası hansı istiqamətlərdə aparılır?

- Müşavirədə cənab Prezdent iqtisadiyyatın inkişafının yeni strategiyasının hazırlanacağına anons verdi. Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının inkişafına doğru aparan bir çox proqramlar öz dövrünü 2020-ci ildə başa vurur. Strateji Yol xəritələri 2016-2020-ci illər üçün hədəflərə, 2025-ci ilə qədər və ondan sonrakı dövrə hesablanmışdı. 2012-ci ildə qəbul olunmuş "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası da 2020-ci ilə hesablanmışdır, 2015-2020-ci illər üçün Azərbaycan sənayesinin inkişafına dair Dövlət Proqramı yekunlaşmaq üzrədir. Bunlardan başqa, bir çox dövlət proqramlarının icra müddəti də 2020-ci ildə yekunlaşacaq. Bu, 2020-ci ildə iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanmasını zəruri edir.

Dünya iqtisadiyyatının IV Sənaye İnqilabına keçməsi və V Sənaye İnqilabına hazırlaşması ölkəmizin iqtisadiyyatı üçün də yeni yanaşmaların ortaya qoyulmasına təlabat yaradır. Azərbaycan iqtisadiyyatı dünyada ən çox islahat aparılan və inkişaf tempinə görə öndə olan iqtisadiyyatdır. Davos İqtisadi Forumunun reytinqində iqtisadiyyatın rəqabətqabiliyyətinə görə dünya ölkələri arasında 35-ci yerdə, Dünya Bankının "Doing Biznes" hesabatında 25-ci yerdə olmağımız, təbii ki, yeni tələbləri ortaya çıxarır və iqtisadiyyatımızın daha da möhkəmlənməsi üçün yeni strategiyanın hazırlanmasını vacib edir. İqtisadi artımlara nəzər yetirəndə görürük ki, neft sektoru ilə müqayisədə qeyri-neft sektoru aparıcı mövqe tutur ki, bu da uğurların davamlı olmağını şərtləndirir.

Cənab Prezdent 2018-ci ilin sonunda qeyd etmişdi ki, biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Beləliklə, iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu illər ərzində icra olunan proqramlar sayəsində iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sənayesi, xidmət, tikinti, İKT inkişaf etmişdir. İndi isə yeni strategiya yeni yanaşmanı, yəni şaxələnmədən ixtisaslaşmaya keçidi zəruri edir. Hazırlanacaq iqtisadiyyatın yeni inkişaf strategiyasında ixtisaslaşmış iqtisadiyyatın inkişafı nəzərdə tutulacaqdır. Yeni iqtisadi strategiyada sosial bazar modelinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına şərait yaradılacaqdır. İcbari tibbi sığortanın tətbiqi, təhsil islahatları, sosial siyasətdə yardımdan reabilitasiyaya keçid, əhalinin gəlirlərinin artırılması, dövlət-vətəndaş dialoqu, sosial infrastrukturun daha da yaxşılaşdırılması və insan kapitalının inkişafı baxımından yeni perspektivlər və çağırışlar ortaya qoyur. İqtisadiyyatın yeni inkişaf strategiyası artan iqtisadi imkanları insan amilinə xidmətə istiqamətlənəcək. Ümumiyyətlə, iqtisadiyyatın yeni inkişaf strategiyası bu sahədə təcrübəsi olan xarici mütəxəssisləri cəlb etməklə hazırlanacaq və düşünürəm ki, bu sənəd Azərbaycanı inkişafın yeni mərhələsinə aparacaqdır.

- Müşavirədə cənab Prezident bildirdi ki, Strateji Yol xəritələrinin icrası 52 faiz təşkil edir...

Cənab Prezdent müşavirədə qeyd etdi ki, Strateji Yol Xəritələri 50 faizə qarşı 52 faiz icra olunmuşdur. Bununla yanaşı, elə sektorlar var ki, o sektorlar üzrə Strateji Yol Xəritələrində göstərilmiş hədəflər başa çatmaq üzrədir. Məhz Strateji Xəritələrin uğurlu icrasının göstəricisidir ki, ölkəmizin 2015-ci ildə 54 milyard manat olan ÜDM-i 2018-ci ildə 80 milyard manata çatmışdır. İnflyasiya 2016-cı ildə 12,4 faizdən 2018-ci ildə 2,3 faizə düşmüşdür. Dövlət büdcəsinin xərcləri 2016-cı ildə 15,8 milyard manatdan 2019-cu ildə 25,2 milyard manata çatmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 2016-cı ildə 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, problemli kreditlərə görə fiziki şəxslərə kompensasiyalar ödənilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artmış, qaçqınlar və məcburi köçkünlər daxil olmaqla bütün növ müavinətlər 100 faiz həcmində artmışdır. Aparılmış islahatlar nəticəsində Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf etmişdir. 2020-ci ilin sonuna qədər müəyyənləşmiş hədəflərin icrası ölkənin iqtisadi gücünü daha da artıracaqdır.

Onu da qeyd etmək istəyirəm ki, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, iqtisadiyyatın artan dinamikası qorunmuş, sözün əsil mənasında müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?