Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına böyük təkan verəcək
Azərbaycan regionda yeni irimiqyaslı və beynəlxalq əhəmiyyətə malik olan iqtisadi layihəni reallaşdırmaq ərəfəsindədir. Bu layihə Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat dəhlizidir.
Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə reallaşan Zəngəzur dəhlizi, sadəcə olaraq, bir regionun digəri ilə nəqliyyat əlaqəsini yaratmaqdan ibarət deyil. Bu layihə daha qlobal xarakter daşıyır və başda Azərbaycan olmaqla region dövlətlərinin iqtisadi inkişafına böyük təkan verəcək.
“The Times of India” qəzetinin yazdığına görə, qarşıdakı 10 il ərzində Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar artacaq. Hazırda bu qitələr arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyard dollar təşkil edir. Ticarətin genişləndirilməsi üçün yüklərin tez və təhlükəsiz daşınması - yəni nəqliyyat təminatı ən vacib şərtlərdən biridir. Çinin, Hindistanın, Cənubi Koreyanın və digər Asiya ölkələrinin artan iqtisadi potensialı onların Avropa ilə idxal-ixrac əməliyyatlarını həyata keçirməsini artırır və zərurətə çevirir. Bu baxımdan yüklərin daşınması iri şirkətlər və transmilli korporasiyalar üçün qarşıda duran mühüm problemlərdən biridir.
Zəngəzur dəhlizi bu problemlərin həlli üçün ən optimal variantlardan biridir. Prezident İlham Əliyevin strategiyası ondan ibarətdir ki, ölkəmizin coğrafi mövqeyindən səmərəli istifadə edilsin və Azərbaycan qitələr arasında nəqliyyat qovşağına çevrilsin. Bunun həm iqtisadi, həm də siyasi səbəbləri var. İqtisadi səbəbini qeyd edərkən nəzərə almaq lazımdır ki, tranzit ölkə qismində çıxış edən Azərbaycan beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilərək, dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunacaq. Yuxarıda qeyd etdiyimiz kimi iki qitə arasındakı ticarət dövriyyəsi 200 milyard artacaq. Yəni daşınan yüklərin həcmi də artacaq. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə 3-3,5 milyard dollar təkcə tranzit gəliri əldə edəcək.
Dəhlizin siyasi mahiyyəti barədə danışarkən qeyd etmək lazımdır ki, Şərqi Avropa ölkələri, Çin və dəhlizdən istifadə edən digər dövlətlər regionda sülhün hökm sürməsində maraqlı olacaqlar.
Dəhlizin fəaliyyəti Azərbaycanın dövlət büdcəsinə valyuta axınını təmin edəcək. Bakıda iri şirkətlərin ofisləri və nümayəndəlikləri ilə yanaşı, yeni iş yerləri açılacaq. Ümumilikdə, ölkə iqtisadiyyatına böyük təkan veriləcək, əhalinin sosial rifahı daha da yüksələcək.
Zəngəzur dəhlizinin keçdiyi yola nəzər salsaq görərik ki, bu dəhliz yalnız Azərbaycan üçün deyil, regionun digər dövlətləri üçün də səmərəlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizini “regional sülhün fundamental elementi” kimi qiymətləndirib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhliz, eyni zamanda, Çin ilə Türkiyə və Avropa arasında nəqliyyat xətti yaradacaq. Bu nəqliyyat xətti yüklərin daşınması üçün yolu qısaltmaqla yanaşı, yükdaşıma xərclərini də azaldacaq.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük Qələbə qazandı. Bu Qələbə regionda sülhün və sabitliyin davamlı xarakter almasını təmin etdi. Ermənistanın destruktiv siyasəti uzun illər regionda belə bir mühüm layihənin reallaşmasına məhdudiyyət qoymuş, qonşu dövlətlərin iqtisadi inkişafının qarşısını almışdır. Lakin bu gün Azərbaycan dünyada gedən qlobal proseslərdən kənarda qalmaq niyyətində deyil və Ermənistanın siyasi iddialarına baxmayaraq Zəngəzur dəhlizini yaradaraq regionun inkişafına öz töhfəsini verəcək.
AZƏRTAC