İstifadə edilməmiş məzuniyyət üçün ödənilən kompensasiyadan vergi hansı qayda ilə tutulur?
Qeyri-dövlət sektorunda tikinti xidmətləri göstərən müəssisə tərəfindən işçiyə 2018 və 2019-cu illər üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya 2020-ci ilin oktyabr ayında ödənilib. Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən etibarən qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərin aylıq gəlirləri 8.000 manatadək olduqda vergi sıfır (0) dərəcə ilə tutulur. Bu qayda əvvəlki illərə görə ödənilmiş kompensasiyaya da aid edilirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 101.1-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur. Buna əsasən, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir. Eyni zamanda əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 2020-ci ildə ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.