Qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə şərait yarada bilər
Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Millət vəkili Vüqar Bayramov sosial şəbəkə səhifəsində bu barədə məlumatları paylaşıb.
Bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib. Ötən il ölkəmizə 791,8 min, 2020-ci ildə isə 795,7 min əcnəbi gəlib. Bu rəqəm hələ pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə - 3.2 milyon nəfər ziyarət etmişdi. Azərbaycana gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Digər ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2 faizdən azdır. Rəsmi statistika göstərir ki, gələnlərin 61,7 faizi quru sərhədlərimiz olan ölkələrdəndir. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumşalacağı halda quru sərhədlərimizin açılması ölkəyə daha da çox turistin gəlməsinə səbəb olacaq.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167 dəfə, Omandan – 149 dəfə, Pakistandan - 27 dəfə, Hindistandan - 15 dəfə, İsraildən - 6 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3,0 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, artıb.
Əvvəlki illərdə Azərbaycanın gəlmə turizm sənayesi üçün ənənəvi olmayan ölkələrdən - Pakistan və Hindistandan ziyarətçilərin sayında da hiss edilən artımlar var. Bu il Körfəz ölkələrindən gələnlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür.