“İşçi qüvvəsi” indikatorları nəyi dəyişəcək?
Nazirlər Kabineti Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə yol xəritəsini təsdiq edib. Sənədin əhəmiyyəti və perspektivləri barədə Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov “vergiler.az”a açıqlama verib.
Uzun illər Azərbaycan Dünya Bankının “Doing Business” layihəsinin fəal iştirakçılarından olub. Dəfələrlə islahatçı ölkələrin siyahısında yer alıb. Artıq həmin layihə başa çatıb. Onun əvəzində “Əlverişli biznes mühiti” layihəsinə start verilib və layihə çərçivəsində indikatorlar müəyyən edilib. Onlardan biridə “İşçi qüvvəsi” indikatorudur. Bununla bağlı mənimdə təmsil olunduğum işçi qrup yol xəritəsi hazırlayıb və artıq sənəd təsdiq edilib. Yol xəritəsində işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbir müəyyənolunub. İndikatorlara daxildir:
-əmək qanunvericiliyinin keyfiyyəti;
-əmək bazarı üzrə daxili bazarın adekvatlığı;
-işçi qüvvəsinin işə götürülməsinin asanlığı.
Bu indikatorların reallaşdırılması üçün bəzi qanunvericilik aktları, o cümlədən Əmək Məcəlləs iyeni redaksiyada hazırlanmalıdır. Əmək Məcəlləsi1999-cu ildə qəbul olunub və funksionallığını əhəmiyyətli dərəcədə itirib. Müasir iqtisadi münasibətlərin tənzimlənməsində xeyli mürəkkəblik yaradır. Hesab edirəm ki, ilk növbədə, qanunvericiliyin əsaslı surətdə təkmilləşdirilməsinə başlamaq lazımdır. 2022-23-cü illəri əhatə edən yol xəritəsində əmək qanunvericiliyi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də əmək qanunverciliyində müvafiq dəyişikliklərin edilməsi, o cümlədən işçilərin təşkilatlanma, kollektiv sövdələşmə hüququnu tənzimləyən normaların təkmilləşdirilməsi, təhlükəsiz və sağlam iş şəraiti, iş yerlərində gender bərabərliyinin təmin olunması və s. nəzərdə tutulub. Məşğulluğa dair məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Qadınlara münasibətdə pozitiv diskriminasiya adlandırdığımız məhdudiyyətlər mövcud idi. Qadınların gecə növbəsinə, sağlamlıq üçün ziyanlı iş yerlərində işə cəlb olunmasına qadağaların qoyulması hazırda aradan qaldırılır. Yalnız müəyyən hallar üçün məhdudiyyətlər tətbiq olunacaq.
Əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığının təmin olunması, işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə işsizlikdən sığorta və məcburi dövlət sığotra sistemində təkmilləşdirmənin həyata keçrilməsi vacibdir.
Qeyri-rəsmi məşğuluğun aradan qaldırılması da aktual məsələdir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi, məşğulluq xidmətlərinin göstərilməsi, dövlət məşğulluq orqanının fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
2018-ci ildən “Məşğulluq haqqında” Qanun qüvvəyə minib. Orada nəzərdə tutulan strukturların, alt sitemlərin qurulması prosesi gedir. Fərdi əmək mübahisələri ilə məşğul olan məhkəmələr və inzibati orqanların fəaliyyətinin səmərəliliyinin artırılması da yol xəritəsində yer alıb. İşçilərin vəkillə pulsuz təmin olunmaq, hüquqi yardım almaq məsələləri reallaşdırılacaq. Artıq əmək kitabçalarının ləğvi məsələsi gündəmdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə intensiv iş aparır. Qanunvericiliyə müvafiq dəyişikliklər paketi hazırlanır. İnanıram ki, yaxın vaxtlarda əmək kitabçaları dövriyyədən çıxarılacaq.
İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin hesabatlılığın təmin olunması istiqamətində apardığı işlərin də əmək bazarında böyük dəyişikliklərə səbəb olacağına ümid edirəm.