Artyom Nikitin: “Azərbaycan etibarlı strateji tərəfdaşdır”
Rusiyanın Ryazan vilayəti hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Rusiyalı nümayəndələr səfər çərçivəsində Azərbaycanın iqtisadi strukturlarının təmsilçiləri ilə görüşlər keçirib və Dənizkanarı bulvarda yerləşən Bakı Biznes Mərkəzində Ryazan şirkətlərinin məhsullarının nümayış etdirildiyi sərgi salonunun açılışında iştirak edib. Artyom Nikitin “Azərbaycanın iqtisadiyyatı” Telegram kanalına müsahibəsində ölkəmizlə əməkdaşlıqdan, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarından danışıb.
"B2B imkanları məkanı": Ryazan şirkətlərinin Bakıda sərgi salonu
"Biz Bakıya işgüzar missiya ilə gəlmişik. Buraya 17 şirkətin nümayəndələri daxildir. Onlar öz məhsullarını yerli bazara təqdim etməyə hazırdırlar. Biz çoxdan qərara gəlmişdik ki, adi biznes missiyasının təşkili o qədər də effektiv deyil, bu səbəbdən də burada belə bir məkan açdıq. Biz bunu "B2B Fürsət Məkanı" adlandırırıq”, - A.Nikitin bildirib.
Onun sözlərinə görə, sərgi salonunda 57 Ryazan şirkətinin 500-dən çox məhsulu və İT həlləri təqdim olunur. Şirkətlərin seçimini izah edən Nikitin qeyd edib ki, siyahı tərtib edilərkən Ryazan vilayətinin hökuməti iki sənədə əsaslanıb: “Birinci sənəd “Azərbaycanın 2026-cı ilə qədər Sosial-İqtisadi İnkişaf Strategiyası”, ikincisi isə “Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üzrə Fəaliyyət Planı”dır. Biz sənədləri təhlil etdikdən və ölkələrimizin liderlərinin qarşıya hansı məqsədlər qoyduğunu anladıqdan sonra bu şirkətləri seçmək qərarına gəldik”.
Ryazan vilayəti hökuməti sədrinin müavini qeyd edib ki, seçilmiş əsas sahələrdən biri tikinti sektorudur: "Biz görürük ki, respublika necə sürətlə inkişaf edir. Burada həm tikinti materiallarının istehsalı, həm də İT həlləri ilə məşğul olan 15-ə yaxın tikinti şirkəti təmsil olunur. Məsələn, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri. Bu sistemlər smartfondan istifadə etməklə evinizi və ya mənzilinizi tam idarə etməyə imkan verir, burada, həmçinin, tüstü sensorları, su sızması sensoru, qazon suvarma sensoru var. Bu sistemlər sayəsində siz kənardan rahatlıqla telefonunuzdan mənzildə temperaturu yüksəldə, qazonun suvarılmasını işə sala və evdə kimin olduğunu yoxlaya bilərsiniz. Bütün bunlar çox maraqlı və sərfəli İT həllərdir”.
A.Nikitin qeyd edib ki, digər sahələrə əczaçılıq, qida məhsulları və uşaq məhsulları daxildir: “Bundan başqa, biz özümüzlə 300-ə yaxın şirkət və 120.000 məhsul haqqında məlumatı əks etdirən müxtəlif kataloqlar gətirmişik.Ona görə də salona gələn qonaqlar onları maraqlandıran məhsulu burada tapmasalar, kataloqlarla tanış olub Ryazan bölgəsində istehsal edilən malların miqyaslı seçim imkanlarını qiymətləndirə biləcəklər".
Azərbaycanla Ryazan vilayəti arasında əməkdaşlığın prioritetləri
Ryazan vilayəti hökuməti sədrinin müavini bildirib ki, Azərbaycanla əlaqələr inkişaf etdirilir, qarşılıqlı ticarətin həcmi artır: "Statistikaya nəzər salsanız, görə bilərsiniz ki, 5 il əvvəl Ryazan vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 6,5 milyon dollar təşkil edirdi, hazırda isə bu rəqəm iki dəfə artaraq 12 milyon dollaradək yüksəlib. Lakin bu, son hədd deyil. Əminəm ki, Bakıda fəaliyyətə başlayan salonumuz sayəsində yaxın 1-2 il ərzində dövriyyəmizi iki dəfə artırmağa nail olacağıq. Bunun üçün əsas hər iki tərəfin iş adamlarının marağını cəlb etməkdir. Göstərmək istəyirik ki, biz təkcə satış üçün gəlməmişik, təbii ki, öz ehtiyaclarımız da var və Azərbaycanın yerli məhsullarını almağa hazırıq”. A.Nikitinin sözlərinə görə, Ryazan vilayətinin zəmanətli tədarüklə yüksək keyfiyyətli məhsullara ehtiyacı var və bu baxımdan, Azərbaycan tam etibarlı strateji tərəfdaşdır: "Əminəm ki, bu, həm bizim, həm də yerli biznes üçün qarşılıqlı faydalı əməkdaşlıq olacaq".
Rusiyalı nümayəndə əməkdaşlığın prioritet istiqamətləri arasında avtomobil və cihazqayırma, kənd təsərrüfatı və qida sənayesini xüsusi qeyd edib: "Bu, çox geniş diapazondur, amma əsas məsələ biznes müraciətləridir. Biz biznes missiyalarını sahibkarlar tərəfindən müvafiq müraciətlər olduqda təşkil edirik, burada da belədir. Sahibkarlar bizimlə əlaqə saxlayıb ehtiyaclarını bildirdilər. Təbii ki, biz onlara bütün lazımi resursları təqdim etdik ki, burada həmkarları ilə ünsiyyət qura, məhsullarını təklif edə bilsinlər, yeni tərəfdaşlar axtarsınlar”.
Rusiya biznesi Azərbaycana güvənir
Ryazan vilayəti hökumətinin sədr müavini hesab edir ki, dostluq olmadan iqtisadi əlaqələri inkişaf etdirmək mümkün deyil: "İqtisadiyyat tərəfdaşlıqdır, tərəfdaşlıq isə etibarlı dostluq münasibətidir. Etibar edilməyən insanlarla biznes qurmaq mümkün deyil. Bu baxımdan, bizim Azərbaycanla dostluq münasibətlərimiz olduğunu biznes dairələrinin nümayəndələri də yaxşı anlayır". Bu kontekstdə A.Nikitin bu ilin fevralında imzalanmış Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə toxunub: "Bu sənəd ölkələrimiz arasında yaxşı və isti münasibətlər olduğunu bir daha nümayiş etdirir. Sahibkarlarımız da başa düşür ki, burada bizimlə işləməyə hazır olan şirkətlər və təşkilatlar var".