16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəə-material ehtiyatlarının uçotu qaydası

Vergi ödəyicisi öz istehsal fəaliyyətində məhsul istehsalı üçün istifadə etdiyi malları və yaxud ticarət fəaliyyəti zamanı satdığı malları, əmtəələri alır və yaxud idxal edir. Bu halda vergi ödəyicisinin aldığı, idxal etdiyi malları necə, hansı qaydada, hansı dəyərlə uçota almaq kimi öhdəliyi yaranır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi ödəyicisinin mülkiyyətində olan malların, ehtiyatların uçotunun aparılması qaydaları həm Vergi Məcəlləsində, həm də "Ehtiyatlar üzrə" kommersiya təşkilatları üçün 8 nömrəli Beynəlxalq Mühasibat Uçotu Standartında öz əksini tapıb. Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən, vergi ödəyicisi öz mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Vergi ödəyicisi istehsal etdiyi hazır malları onların istehsalına çəkdiyi xərclərinə, satın aldığı malları isə satınalma qiymətlərinə əsasən uçotda əks etdirməlidir. Həmçinin, bu malların nəql olunması və onların saxlanması üçün çəkilən birbaşa xərclər, idxal rüsumları, əvəzləşdirilməyən vergilər də malların dəyərinə daxil edilməlidir.

Tutaq ki, mebel istehsalı ilə məşğul olan şəxs ay ərzində 10 ədəd mebel istehsal edib və 1 ədəd mebelin istehsalına çəkilən məsrəflər cəmi 2.500 manat təşkil edir. Deməli, sahibkar həmin mebellərin hər birini 2.500 manatla uçota alır və bu halda mal-material ehtiyatlarının cəmi 25.000 manat təşkil edir.

Beynəlxalq mühasibat uçotu standartlarında malların satışına və istehsal məsrəflərinə sərf olunan zaman həmin malların dəyəri daha çox iki metodla - FIFO (first in-first out, yəni ilk mədaxil-ilk məxaric) və ya AVCO (average cost, yəni orta xərc) metodu ilə məsrəflərə aid edilir.

Misal:
Telefon ticarəti ilə məşğul olan sahibkar 1 noyabr 2018-ci il tarixdə hər biri 200 manata 50 ədəd, 1 dekabr 2018-ci il tarixdə hər biri 250 manata 40 ədəd telefon alır və 25.12.2018-ci il tarixdə hər biri 350 manata 60 ədəd telefon satır. Bu halda o, 21.000 (60 * 350 = 21.000) manat gəlir əldə edir. Əgər vergi ödəyicisi ehtiyatları, malları FIFO metodu ilə uçota alırsa, o zaman satılan malların maya dəyəri 12.500 (50 əd. * 200 man. = 10.000 və 10əd. * 250 man. = 2.500) manat təşkil edir. Əgər vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu AVCO (orta xərc) metodu ilə aparırsa, o zaman vergi ödəyicisinin aldığı 90 ədəd malın orta xərci 222,22 manat (50 ədəd * 200 manat + 40 ədəd * 250 manat) / 50 ədəd + 40 ədəd) təşkil edir. Satılan malların maya dəyəri isə 13.333,20 manat (60 ədəd * 222,22 manat) təşkil edir.

Bəzən elə olur ki, vergi ödəyicisinin əmtəə-material uçotuna aid etdiyi mallar müəyyən müddətdən sonra köhnəlib dəbdən düşür və yaxud müəyyən səbəbdən maya dəyərindən də aşağı qiymətləndirilir. Bu zaman qanunvericilik icazə verir ki, əmtəə-material uçotuna aid edilən mallar, hazır məhsullar faktiki satıla bilən qiymət əsas götürülməklə qiymətləndirilsin. Tutaq ki, müəssisə kompüterlərin alğı-satqısı ilə məşğuldur. Vergi ödəyicisinin anbarında hər birinin qiyməti 1.000 manata alınmış 50 ədəd kompüter var. Lakin bazara artıq yeni nəsil kompüterlər daxil olur. Faktiki olaraq anbarda fiziki vəziyyəti saz olan, lakin mənəvi cəhətdən köhnəlmiş həmin kompüterlər artıq bazarda 300 manata təklif edilir. Bu halda, mənəvi cəhətdən köhnəlmiş həmin kompüterləri hələ də 1.000 manata uçota almaq doğru deyil və onlar qanunvericiliyin verdiyi hüquqa əsasən, satılabilən dəyəri əsas götürülməklə qiymətləndirilməlidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?