25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni yanaşmalar işçilərin sosial rifahının təmin edilməsinə nəzarəti gücləndirir

Ölkədə iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, şəffaflığın təmin edilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizə qeyri-rəsmi məşğulluğun azalmasını sürətləndirib. Əmək münasibətlərinin leqallaşdırılması, işçilərin işə yalnız rəsmi qaydada - əmək müqaviləsi bağlanmaqla cəlb edilməsi, o cümlədən maaşların ağardılması iqtisadiyyatın inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına da mühüm töhfə verir. İş yerlərinin rəsmiləşdirilməsi prosesinin müsbət nəticələri artıq özünü göstərməkdədir.

AZƏRTAC xəbər verir ki, əmək bazarında islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanan əmək müqavilələrinin sayı 297 min artıb və bu il iyunun 1-nə 1 milyon 699,2 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 250 min artaraq 790 min olub. Göstərilən dövrdə qeyri-neft sektorunun özəl bölməsində artım təxminən 46 faiz təşkil edir.

Əmək müqaviləsi vacib sənəd olmaqla bir növ işçi və işəgötürən arasında əmək münasibətlərinin qurulduğu “təməl”dir. Əmək münasibətləri əmək müqaviləsinin bağlanması ilə başlayır. Məlum olduğu kimi, vergi orqanları əmək müqavilələrinin bağlanması prosesinə nəzarətdə iştirak edən dövlət qurumlarından biridir. Məhz vergi orqanlarının son illərdə həyata keçirdiyi tədbirlər, şəffaflığın təmin edilməsi üçün sahibkarlarla apardığı geniş məlumatlandırma işləri prosesə ciddi təkan verib.

Müşahidələr göstərir ki, indi insanların da əmək müqaviləsinin bağlanmasına, əməkhaqqının real göstərilməsi ilə bağlı məsələlərə münasibəti dəyişib. Hamı bunun öz gələcəyi üçün əhəmiyyətini başa düşür. Nəhayət bu sahədə “buzlar əriməyə” başlayıb, insanlar daha tələbkar olublar.

Əmək münasibətlərinin şəffaflaşdırılması prosesində vergi təşviqlərinin də əhəmiyyətini qeyd etmək lazımdır. Qeyri-neft sektoru və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 300 manata qaldırılması əmək bazarında şəffaflaşma tendensiyalarına yol açıb.

Digər tərəfdən vergi orqanlarının əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi ilə bağlı da işlər davam edir. Əmək müqavilələrinə və əməkhaqqı fonduna olan tələblər vergi xidmətinin ciddi nəzarətindədir. Dövlət Vergi Xidmətində 2020-ci ildən “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib.

Konsepsiyanın tələblərinə uyğun olaraq, işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edən, o cümlədən təqdim olunmuş bəyannamələrdə sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirilən əməkhaqqı məbləğləri sahibkarın real potensialı, eləcə də həmin sektorda işləyən digər sahibkarların əməkhaqqı məbləği göstəriciləri ilə müqayisədə, həmçinin fəaliyyət göstərdiyi sahəyə, dövriyyəsinə və sair məlumatlara görə fərqli olan vergiödəyiciləri müəyyən edilir.

Məlumdur ki, 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Bununla bağlı iş yerlərində yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik olunmalıdır. Dövlət Vergi Xidməti tərəfindən proqram təminatı vasitəsilə iş yerlərində bağlanmış əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əməkhaqları real vaxt rejimində izlənilir. İlin əvvəlindən təqribən 5 ay keçməsinə baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən sığortaolunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan müqavilələr qalmaqdadır. Bununla bağlı Dövlət Vergi Xidmətindən ödəyicilərə bildirişlər göndərilib. Əks halda, əməkhaqqı məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqıdan aşağı qeyd edən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələbinə əsasən 1000 manatdan 1500 manatadək cərimə tətbiq olunacaq.

İnsan əməklə ucalır və öz rifahını təmin edir. Lakin əmək münasibətlərinin başlıca şərti qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir. Məhz qanuni əmək münasibətlərinin bərqərar olduğu cəmiyyətdə sosial təminat və yüksək həyat səviyyəsi müşahidə edilir.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?