KOB sahəsində Pakistanla əməkdaşlıq genişləndiriləcək
İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir və palatanın üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə birgə əməkdaşlığa, bu istiqamətdə hər iki qurumun ortaq səylərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOB-ların dəstəklənməsi üzrə ən yaxşı təcrübənin öyrənilməsi və müvafiq qurumlarla əməkdaşlıq coğrafiyasının genişləndirilməsi KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir. KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Həmçinin görüşdə bizneslər arasında əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib. Qarşılıqlı işgüzar missiyaların həyata keçirilməsinin biznes qurumları arasında əməkdaşlıq üçün faydalı ola biləcəyi diqqətə çatdırılıb.
Görüşdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti iştirak ediblər.