13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar respublikada sənaye məhsulu istehsalı beş ildə 10,6 faiz artıb

Muxtar respublikada iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı ötən il də diqqətdə saxlanılıb, rəqabətqabiliyyətli müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsalı qeydə alınıb. Bu da 2017-ci ildəki müvafiq göstəricidən 10,6 faiz çoxdur.

Sənaye məhsulunun 92,3 faizi qeyri-dövlət sektorunda istehsal olunub

Ötən il sənaye məhsulunun 7,7 faizi dövlət sektorunda, 92,3 faizi qeyri-dövlət sektorunda istehsal edilib. Muxtar respublikada qeydə alınmış ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27,1 faizlik payla sənaye sahəsi tutub. 2021-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu 2310,3 manat təşkil edib. Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesində, 0,5 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 92,5 faizi emal sənayesində istehsal olunub.

Emal sənayesində qeydə alınmış məhsul istehsalı 2017-ci ildəki müvafiq göstəricini 7,7 faiz üstələyib

2021-ci ildə emal sənayesində qeydə alınmış məhsul istehsalı 2017-ci ildəki müvafiq göstəricini 7,7 faiz üstələyib. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm rol oynayır.

Muxtar respublikada mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasının dəstəklənməsi istiqamətində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayının, eləcə də onların istehsal etdikləri məhsulların növ və çeşidlərinin artımına müsbət təsir göstərib.

Təkcə bir ildə 11 milyon 276 min manat kredit verilib

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə təkcə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 19,9 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanıb.

Ötən il sənaye sahəsində 17 min nəfərdən çox işçi çalışıb

Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərib. Belə ki, 2021-ci ildə 3219-u dövlət, 13868-i qeyri-dövlət sektorlarında olmaqla, ümumilikdə, sənaye sahəsində 17087 nəfər işçi çalışıb ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 5,2 faiz çoxdur.

2021-ci ildə işçilərin 4 faizi mədənçıxarma sənayesində, 8 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 9,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 78,1 faizi emal sənayesində çalışıb. Bu dövr ərzində bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 454,1 manat təşkil edib. 2017-ci ildə isə bu göstərici 381,9 manat səviyyəsində olub.

Sənayenin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər cari ilin yanvar-mart aylarında da davam etdirilib, mebel, süd məhsulları və çörək istehsalı sahələri yaradılıb, elektrik enerjisi, mebel, duz, oksigen, alkoqollu içki, salfet, enerji içkiləri, karton tara və kağız paket, ayaqqabı istehsalı və süd məhsullarının emalı sahələrinin yaradılması hazırda davam etdirilir.

Perspektivi yüksək layihə - Şərur Sənaye Məhəlləsi

Sənayenin davamlı inkişafı və yeni məhsul növlərinin istehsalı məqsədilə Şərur Sənaye Məhəlləsində həyata keçirilən layihələr də kiçik və orta sahibkarlığın inkişafında, daxili bazarın yerli məhsullarla təminatında, o cümlədən məşğulluğun artırılmasında önəmli rol oynayacaq.

Muxtar respublikada sənayenin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib: “Sənaye müəssisələri, ilk növbədə, daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər”.

2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına, yeni məhsul növlərinin istehsalına şərait yaradacaqdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?