12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsraillə iqtisadi-ticarət əlaqələri müzakirə olunub

Aprelin 5-də Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

İqtisadiyyat naziri İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. İqtisadiyyat naziri Azərbaycanda aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının perspektivləri barədə fikirlərini bölüşüb.

İsrailin turizm naziri Yoel Razvozov ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin hazırkı vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub.

Həmin gün Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüblər.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Azərbaycan və İsrail biznes dairələri arasında əməkdaşlığın genişlənməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti və iş adamları arasında əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

İqtisadiyyat naziri iqtisadi-ticarət sahəsində əməkdaşlıqda, işgüzar münasibətlərin inkişafında hər iki ölkənin aidiyyəti qurumları, işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin yanvar-fevral aylarında isə 6 dəfə artıb. Hazırda Azərbaycanda xidmət, sənaye, ticarət, kənd təsərrüfatı və tikinti sahələri üzrə 90-dan çox İsrail şirkəti fəaliyyət göstərir. İsraildə fəaliyyət göstərən Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verir.

Bildirilib ki, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq davam edir. İsraildə keçirilməsi planlaşdırılan “Investment Roadshow” tədbiri investisiya sahəsində əməkdaşlığın inkişafı baxımından faydalı olacaqdır.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və səmərəli istifadəsi, alternativ enerji, turizm, səhiyyə, təhsil, İKT, innovasiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İsrailin turizm naziri Yoel Razvozov keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin iki ölkənin qurumları və biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsində və birgə layihələrin icrasında önəmini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı imkanları barədə danışıb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İsrailin “Rayzone” şirkəti arasında “big data” platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə bağlı memorandum, həmçinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin “Mekorot” şirkəti arasında konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?