11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

Sosial iş yerləri, sosial işə qəbul olunmaq üçün müraciət qaydaları, əməkhaqqının məbləği və işin müddəti barədə ictimaiyyət arasında müəyyən suallar yaranır. “vergiler.az” oxucuları üçün həmin suallara və digər əlaqədar məsələlərə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi qaydaları təsdiq edilib.

İşəgötürənlər boş iş yeri haqqında məlumatı müvafiq qaydada “Məşğulluq” altsisteminə yerləşdirməlidir. Sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən iş yeridir.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzinin göndərişi əsasında işə qəbul olunan sığortaolunanların əmək haqlarının qaydalara əsasən nəzərdə tutulmuş hissəsi müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilir. Yəni işəgötürən vakansiya barədə məlumatı “Məşğulluq” altsisteminə yerləşdirdikdən sonra, məşğulluq orqanı göndəriş əsasında iş üçün müraciət etmiş şəxsi həmin iş yerinə yönləndirir. Həmin göndəriş əsasında işə götürülən işçinin əməkhaqqının müəyyən hissəsinin, müəyyən müddətə ödənilməsi isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramıdır.

Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınmış şəxslər proqrama müraciət edə bilərlər. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.

Misal: Müəssisə 150 işçisi varsa, maksimum 10 sosial iş yeri, 40 işçisi varsa, 8 sosial iş yeri üzrə əməkhaqqlarının maliyyələşdirilməsi proqramı çərçivəsində işçi cəlb edə bilər.

Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının müəyyən edilmiş hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir. Mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına ödənilir.

Proqrama qoşulmaq üçün işəgötürənlər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əmək haqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edirlər. Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri 10 (on) iş günü ərzində həmin işəgötürənin müəyyən edilən tələblərə uyğunluğunu araşdırır.

İşəgötürən müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əmək haqlarının müəyyən edilmiş hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə”imzalanır.

İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.
Son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.

Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinə uyğun olmaqla 3 aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.

Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir. Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.

Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər proqramda iştirak edə bilməz.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?