Millət vəkili: “Rəqəmsal iqtisadiyyat kiçik iqtisadi aktyorların sayını kəskin şəkildə artırır”
“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən millət vəkili Tahir Mirkişili bildirib ki, mövcud biznes modellərinin evolyusiyası və xüsusən də rəqəmsal iqtisadiyyatın böyüməsi qeyri-rezident şirkətlərin beynəlxalq vergi qaydalarının tərtib edildiyi vaxtdan tamamilə fərqli şəkildə fəaliyyət göstərməsi ilə nəticələnməkdədir: “Məsələn, adətən qeyri-rezident şirkətlər həmişə fiziki iştirakı olmadıqları bir ölkəyə satış edirlər, amma informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bu cür fəaliyyətin miqyası kəskin şəkildə genişlənməkdədir. Bundan əlavə, ənənəvi olaraq şirkətlərdən satış etdikləri ölkə bazarlarında öz imkanlarını genişləndirməsi üçün çox vaxt istehsal, marketinq və paylama şəklində yerli fiziki mövcudluq tələb olunurdu. Bu bir faktdır ki, vergitutma üçün də əsas vacib amillərdən biri fəaliyyətin fiziki olaraq ölkədə baş verməsidir. Rəqəmsal iqtisadiyyat bu amili əhəmiyyətli dərəcədə zəiflədir. Bu isə vergi siyasəti üçün yeni çağırışlar yaradır.
Beləliklə, ümumi olaraq birbaşa vergitutma sahəsində rəqəmsal iqtisadiyyatı iqtisadi siyasət üçün yaratdığı əsas çağırışları 3 qrupa bölmək olar:
Əlaqə çağırışları - rəqəmsal texnologiyalarının potensialının davamlı olaraq artması və bir çox hallarda biznes fəaliyyəti göstərmək üçün fiziki iştirakın tələb olunmaması cari qaydalarla vergitutma məqsədilə yurisdiksiya arasında əlaqə çağırışı yaratmaqdadır. Bir çox iqtisadçılar təklif edirlər ki, bunun üçün beynəlxalq vergitutma fondu yaranmalı və ölkələr bu fonddan müvafiq paylar almalıdır.
Data çağırışları – İnformasiya texnologiyalarının geniş yayılması rəqəmsal iqtisadiyyatda şirkətlərə sərhədləri aşaraq görünməmiş həddlərdə data toplamaq və ondan istifadə etmək imkanı yaratmışdır. Bu isə rəqəmsal məhsul və xidmətlər vasitəsilə yaradılan dəyəri hesablamaq və bunu vergi məqsədilə istifadə etmək çağırışı yaradır. Bəzən təkliflər səslənir ki, fəaliyyət zamanı gəliri müəyyən etmək mümkün olmadıqda vergitutma şirkətin topladığı datanın həcminə və istifadə etdiyi serverlərin gücün uyğun hesablanmalıdır.
Ödəniş çağırışları - Yeni rəqəmsal məhsulların yaradılması, yeni biznes modellerində ödəmə şəklinin də tam rəqəmsallaşması ilə müşahidə olunur. Məsələn, Meta dünyada virtual ərazi alıb satmaq, o dünyada mağaza açmaq, xidmət göstərmək, bu zaman kripto valyutalardan ödəmə etmək kimi üsullar gəlirin müəyyən edilməsi və vergiyə cəlb edilməsi yönümündə ciddi çağırışlar yaradır.
Millət vəkili həmçinin əlavə edib ki, rəqəmsal iqtisadiyyat əlavə dəyər vergisi (ƏDV) üçün də ciddi cağırışlar yaradır, xüsusən də malların, xidmətlərin və qeyri-maddi malların xaricdəki təchizatçılardan birbaşa istehlakçılar tərəfindən əldə edildiyi zaman. Onun sözlərinə görə, bu sistem kiçik iqtisadi aktyorların sayını kəskin şəkildə artırır: “Məsələn, klassik biznesdə bir məhsulu istehlakçılara çatdırmak üçün yerli biznes subyektinin – məsələn, mağazanın mövcudluğu şərt idi. Bu zaman vergitutma siyasəti də həmin bu mağazanın fəaliyyətinə yönəlirdi. Amma informasiya texnologiyalarının inkişafı ilə istehlakçıların birbaşa məhsul və xidməti qeyri-rezidentdən sifariş edə bilməsi klassik vergi siyasəti üçün ciddi çağırışlar yaradır. Bir çox hallarda bu çərçivədə müəyyən həddə məhsul və xidmətlərin əldə edilməsi gömrük rüsumu və vergilərdən ümumiyyətlə azaddır”.