14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda meyvə bağlarının güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ərik və şaftalı (nektarin) bağlarının güzəştli sığortası başlayıb.

Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nəticədə Azərbaycanda bu meyvələri becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər.

Ərik bitkisi Azərbaycanda 4 min hektar sahədə becərilir. Ərik bağları ən çox Goranboy, Samux, Şəmkir, Bərdə, Tərtər, Xaçmaz, Şəki, Ordubad və Şərurdadır. Ərik daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac edilir – 2021-ci ildə Azərbaycandan 2,2 milyon dollarlıq ərik ixrac olunub.

Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağının baza zərfi üzrə sığorta tarifləri 2,19 faiz - 4,48 faiz arasındadır.

Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkənin bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir.

Şaftalı (nektarin) – ölkəyə ən çox valyuta gətirən meyvələrdəndir. 2021-ci ildə şaftalı ixracı Azərbaycana 30 milyon dollardan artıq gəlir gətirib.

Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağının baza zərfi üzrə sığortası üçün tariflər 2,55 faiz-5,34 faiz arasındadır.

5000 manatlıq məhsul gözlənilən ərik bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 110-224 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 55-112 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.

Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4500 manat təşkil edir.

6000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq 153-320 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 77-160 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 5400 manat təşkil edir.

Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, ildırım, yanğın, zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.

Əlavə ödəniş etməklə ərik bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları Aqrar Sığorta Fondunun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?