Fiziki şəxslərin əmlak vergisi
Vergi Məcəlləsinə edilən yeni dəyişiklikdə fiziki şəxslərin əmlak vergisi ilə bağlı yenilik nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı təfərrüatları İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə açıqlayır.
Dəyişikliklərdə, Məcəllənin 6.1.5 maddəsinə əsasən, 198.1-ci maddədə nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilmişdir. Məcəllənin 198.1-ci maddəsində göstərilən fiziki şəxslərin əmlak vergisi aşağıdakılardır:
• xüsusi mülkiyyətində olan binalara;
• su və hava nəqliyyatı vasitələrinə görə yığımlar.
Məcəllənin 197.1.3 maddəsində göstərilir ki, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər vergitutma obyektidir. Məcəllənin 198.2 maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin əmlakının orta illik qalıq dəyəri götürülərək müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirməlidirlər və əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verməlidirlər.
Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:
1. Müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.
Misal 1: Fərdi sahibkarın balansında olan əmlakın ilin əvvəlinə qalıq dəyəri 145.000 AZN, əmlakın ilin sonuna qalıq dəyəri 168.000 AZN olmuşdur.
Orta illik qalıq dəyəri = (145.000 + 168.000)/2 = 156.500
Əmlak vergisi = 156500 x1% = 1565 manat
2. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
Misal 2: Fərdi sahibkar 2022-ci ilin may ayından əmlak vergisinin ödəyicisi olmuşdur. Onun yaradıldığı tarixə əmlakının qalıq dəyəri 60.000 manat, ilin sonuna qalıq dəyəri isə 68.000 manat təşkil etmişdir.
Əmlak vergisi= (60.000+68.000)/24x7x1%=373.33 manat
3. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.
Misal 3: Fərdi sahibkar 2022-ci ilin oktyabr ayında uçotdan çıxarılmışdır. Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 142.000 manat, ləğv edildiyi tarixə 128.000 manat təşkil etmişdir.
Əmlak vergisi=(142000+128000)/24x9x1%=1.012,5 manat
Qeyd: Yeni dəyişikliyə görə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla, Məcəllənin 199.4.3 maddəsinə əsasən, mexaniki nəqliyyat vasitələri əmlak vergisinə cəlb ediləcəkdir.