14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 6 məsələ müzakirə olunub

Dekabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Tahir Mirkişili gündəliyə 6 məsələnin daxil edildiyini bildirib. Gündəliyin təsdiqindən sonra komitə sədri “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, ikinci oxunuşda olan qanun layihəsində DTX tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlət büdcəsinə ödənilən vəsaitlərin 5 faizinin bu qurumun əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulub.

Layihə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Birinci oxunuşda təqdim olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələri ilə bağlı bildirilib ki, bu sənədlər işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Deputatlar uyğunlaşdırma xarakteri daşıyan “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini də Milli Məclisin plenar iclasına tövsiyə etdikdən sonra kifayət qədər əhatəli dəyişiklikləri üzündə ehtiva edən iki qanun layihəsinin müzakirəsinə keçiblər.

Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda səmərəli müzakirəsi üçün qonaqlar dəvət olunub.

Qanun layihələri haqqında məlumat verən maliyyə naziri Samir Şərifov dəyişikliklərin bir neçə istiqaməti əhatə etməsindən danışaraq əsas vacib amil kimi büdcə qaydasını vurğulayıb.

Bildirib ki, layihədə 2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulmaqla büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Qanunda olan anlayışlara deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.

“Büdcə sistemi haqqında” Qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” Qanuna da dəyişikliklər təklif olunur. Burada, əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.

Maliyyə naziri deputatlara məlumat verib ki, deputatların da tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir və bu, müəyyən vaxt aparacaq. Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır.

Maliyyə nazirinin ümumi məlumatından sonra nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzi rəhbərinin müavini Rəşad Həsənov sənədlərlə bağlı ətraflı təqdimatla çıxış edib. Rəşad Həsənov büdcə qaydasının beynəlxalq təcrübədə və Azərbaycanda tətbiqini detallı təhlil edərək müzakirəyə təqdim edilmiş təkmilləşdirilmiş büdcə qaydasının əsas parametrləri, hədəfləri, üstünlükləri barədə danışıb. O, ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və dövlət borcunun ÜDM-ə nisbət göstəriciləri, ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, həmçinin təklif olunan qanun dəyişikliklərinin qəbulundan sonra atılacaq növbəti addımlar haqqında məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında dəyişiklikdə nəzərdə tutulan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsinin dəqiqləşdirilməsi haqqında danışıb, dövlət investisiya proqramının layihələr üzrə bölgüsünün aparılması və icrası prosesi barədə məlumat verib.

Qanun layihələri ilə bağlı komitənin sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış ediblər. Çıxış edənlər Büdcə Məcəlləsinin qəbulunun vacibliyini vurğulayıblar, müzakirə edilən sənədlərlə bağlı Hesablama Palatasının rəyi haqqında hökumətin mövqeyi ilə, dövlət borcunun idarə edilməsi istiqamətində atılacaq addımlarla maraqlanıblar, sənədlərlə bağlı fikirlərini açıqlayıblar.

Maliyyə naziri Samir Şərifov və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qaldırılan məsələlərə aydınlıq gətiriblər və səslənən sualları cavablandırıblar.

Müzakirələrin sonunda “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?