Bu il KOBİM-lərin xidmətlərindən 16 mindən çox subyekt faydalanıb
2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən 16 mindən çox subyekt faydalanıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.
O qeyd edib ki, pandemiyanın mövcud biznes mühitində yaratdığı dəyişikliklər sahibkarların ənənəvi formada həyata keçirdikləri fəaliyyətlərin yeni çağırışlara uyğunlaşması zərurətini yaradıb. Bu baxımdan, onların bilik və bacarıqlarının artırılması, eləcə də müasir texnologiyaların tətbiqi vərdişlərinin formalaşdırılması prioritet istiqamətlərdəndir. 21 şəhər və rayonda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətlər təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz olaraq təmin edilir.