13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlak etibarnamə ilə digər şəxsə verildikdə vergilərin hesablanması

Bəzi sahibkarları narahat edən məsələlərdən biri də icarə münasibətləri ilə bağlıdır. Şəxs ona məxsus olan daşınmaz əmlakı təsisçi olduğu hüququ şəxsə əvəzsiz istifadəyə verə bilərmi? İcarə müqaviləsi bağlamadan etibarnamə ilə obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkündürmü? Bu və digər suallara “Total Consulting” MMC-nin partnyoru, vergi üzrə hüquqşünas Elvin Şərifov aydınlıq gətirib:

- Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Vergi Məcəlləsinin 14.3.2-ci maddəsində göstərilib ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. Həmin Məcəllənin 14.3.5-ci maddəsinə əsasən, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli Qərarına əsasən, vergidən yayınmaq məqsədilə icarə müqavilələrində icarə haqqının məbləğinin həqiqətdə olduğundan xeyli az göstərildiyi və ya əmlakın etibarnamə ilə istifadəyə verildiyi hallarda vergi orqanları tərəfindən vergilər Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətlərindən və ya həmin Məcəllənin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə hesablanır. Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən edilir.

Göründüyü kimi, mülki qanunvericilikdə istifadəyə verilmiş əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilərək gəlir götürülməsi tərəflər arasında icarə münasibətlərinin yaranması ilə şərtləndirilib. Bunlarla yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcəsi ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Fiziki şəxs mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda, həmin obyekt təsərrüfat subyekti kimi vergi orqanında uçota alınmalıdır. Fiziki şəxsin mülkiyyətində olan əmlakdan özü tərəfindən istifadə edilməsi icarə münasibətlərinin yaranmasına səbəb olmur. Bunlardan əlavə, fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlakın və ya bu əmlakdan istifadə hüququnun hüquqi şəxsin nizamnamə kapitalına pay kimi qoyulması tərəflər arasında icarə münasibətləri yaradan əməliyyat hesab edilmir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?