Bakının sənaye müəssisələri və fərdi sahibkarlar 29,7 milyard manatlıq sənaye məhsulu istehsal edib
Bakının sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında 29,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 75,1 faizi mədənçıxarma sektorunda, 21,8 faizi emal sektorunda, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 19,4 faiz artıb.
Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 64,1 faiz, içki istehsalı 23 faiz, tütün məmulatlarının istehsalı 3,5 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 6,6 dəfə, geyim istehsalı 3 dəfə, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 7,9 faiz, kağız və karton istehsalı 3,3 dəfə, neft məhsullarının istehsalı 6,4 faiz, kimya sənayesi 3,9 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,6 faiz, tikinti materiallarının istehsalı 46,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, hazır metal məmulatların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,2 faiz, mebellərin istehsalı 82,9 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 4,2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 19,3 faiz artıb, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 43,4 faiz, poliqrafiya məhsullarının istehsalı 10,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 43,4 faiz, elektrik avadanlıqların istehsalı 58,4 faiz, maşın və avadanlıqların istehsalı 28,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 79,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 faiz artım olub. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 298,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.