10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların ixrac qeydi ilə satışının ƏDV-yə cəlb edilməsi

Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. BSC Consulting & Outsourcing Company-nin hüquqşünası Xəyalə Əfəndiyeva və layihə rəhbəri Ulduz İbrahimova “vergiler.az” saytına bildirib ki, malların ixrac qeydi ilə satışı dedikdə, malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada satışı başa düşülür. Yəni ixrac qeydi ilə satış istehsalçılar tərəfindən malların məhz ixrac edilməsi məqsədilə ixracatçılara satılmasıdır.

Malların ixrac qeydi ilə satışı ilə bağlı münasibətlər Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası” (bundan sonra “Qaydalar”) ilə tənzimlənir. Malların satışının ixrac qeydi ilə satış hesab edilməsi üçün mallar aşağıdakı meyarlara cavab verməlidir:

  • İxrac qeydi ilə satılan mallar istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunmalıdır;

  • İstehsal olunan mallar qeyri-neft məhsulu olmalıdır.

Qaydaların 5.1-ci bəndinə əsasən, istehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya həmin Qaydaların 1 nömrəli əlavəsində göstərilən formada “Malların ixrac qeydi ilə satış qaiməsi” təqdim edilir. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd edilməlidir. Belə ki, istehsalçıdan alınmış mallar ən geci üç ay müddətində ixrac edilməlidir. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda ixracatçı malları 3 ay müddətinə ixrac edə bilmədikdə, ixracatçının müraciəti əsasında ona Dövlət Vergi Xidməti tərəfindən 3 ayadək əlavə möhlət verilə bilər.

Həmçinin, Qaydaların 4-cü bəndi ilə malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslərin və əməliyyatların dairəsi müəyyən edilmişdir. Malların ixrac qeydi ilə satışının tətbiq edilmədiyi şəxslərə dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərini, əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərini, vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsləri və ya onların təsis etdikləri digər hüquqi şəxsləri və s. misal göstərmək olar. Malların ixrac qeydi ilə satışının tətbiq edilmədiyi əməliyyatlara isə malların əvəzsiz (haqqı ödənilmədən) ixracı, malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi, barter əməliyyatları çərçivəsində malların ixracı, Qaydaların qüvvəyə minməsindən əvvəl həyata keçirilən malların təqdim edilməsi və faktiki ixrac əməliyyatları və Qaydaların 4.2-ci bəndi ilə müəyyən edilən digər əməliyyatlar aid edilir.

Qaydalarda həmçinin istehsalçı və ixraçatçı üçün tələblər də müəyyənləşdirilmişdir. Belə ki yuxarıda qeyd olunan müddətlərdə (3 ay + əlavə möhlət (əgər verilibsə)) malların ixracının baş tutub-tutmamasından asılı olmayaraq, ixrac qeydi ilə satış həyata keçirən şəxs (istehsalçı) büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməli, ixracatçı isə istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğini ödəməlidir. Həmçinin ixracatçıya dair tələblər içərisində onun ən azı 1 il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirən şəxs olması tələbi də mövcuddur.

İxracatçı ixrac qeydi ilə satılan malları ixrac etdikdə bu barədə məlumatı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 iş günü müddətində Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyənləşdirilmiş formada istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim etməlidir.

Qaydaların tələblərinə əsasən, ixracatçı tərəfindən ixrac qeydi ilə alınan mallar həmin Qaydalarla müəyyənləşdirilmiş müddətlərdə (3 ay + əlavə möhlət (əgər verilibsə)) ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, habelə ixrac malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlarla bağlı olduqda ixrac qeydi ilə edilən satış malların ölkədaxili satışı hesab olunur və ölkədaxili satışla eyni qaydada ƏDV-yə cəlb edilir.

İxrac qeydi ilə satılan malların yuxarıda qeyd olunmuş müddətlərdə ixracı baş tutmadığı halda, büdcə qarşısında yaranan öhdəliklər (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) istehsalçının hesabına ödənilir. Bu halda istehsalçı tərəfindən büdcə qarşısında öhdəliklərinin ödənilməsi üçün təminatdan (bank qarantiyası və ya depozit) istifadə edilə bilər.

Malların ixrac qeydi ilə satışı yuxarıda qeyd olunan bütün tələblərə cavab verdikdə, həmin malların satışına görə ƏDV (0) dərəcəsi ilə tutulacaqdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?