11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səmərəli fəaliyyət göstərən vergi sistemi dövlət və vətəndaşlar arasında əlaqələrin əsas təməlidir

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda Bakıda keçirilmiş forumun iştirakçısı, Ukrayna Dövlət Fiskal Xidmətinin Strateji inkişaf və beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Oksana Stepanenko suallarımızı cavablandırıb:

- Xanım Stepanenko, Azərbaycan Vergilər Nazirliyi ilə Ukraynanın Dövlət Maliyyə Xidməti arasındakı ikitərəfli əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Ukrayna Dövlət Fiskal Xidməti ilə Azərbaycan Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın hüquqi əsasını 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında imzalanmış "İkiqat vergi tutulmasına yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" Konvensiya təşkil edir. Bundan əlavə, ölkələrimiz vergi ödəməkdən yayınma halları ilə mübarizədə vergi əməkdaşlığının bütün formaları üçün çoxtərəfli vasitə olan "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya"ya tərəfdardır. Bu razılaşmalara əsasən, bizim administrasiyalarımız sorğu əsasında məlumat mübadiləsi aparırlar və hər iki tərəfin tələbləri böyük olmasa da biz məlumatın keyfiyyətindən və cavabların vaxtında verilməsindən razı qalırıq. Qlobal iqtisadiyyatda sürətli inqilab və yeni biznes təcrübələri vergi administrasiyalarının daha sıx əməkdaşlığına şərait yaradır, bu əməkdaşlıq üçün bütün mümkün mexanizmlərdən istifadə vergilərin ədalətli və hərtərəfli şəkildə toplanmasını təmin edir. Aydındır ki, ikitərəfli sazişlərin bağlanması, qarşılıqlı inzibati yardımın yeni formalarının tətbiqi və təcrübə mübadiləsi yolu ilə Azərbaycanla Ukrayna arasında vergi əməkdaşlığının gücləndirilməsinə ehtiyac var.

- Forumda iştirak etdiyiniz zaman Vergilər Nazirliyində görüşləriniz oldu və əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə etdiniz…

- Vergi məsələlərində qarşılıqlı inzibati yardım olduqca dinamik sahədir və müntəzəm görüşlər keçirməyi, əlaqələndirmənin yaxşı qurulmasını və tərəflərin qarşılıqlı gözləntilərini dəqiq başa düşməyi tələb edir. Görüş Ukrayna nümayəndə heyəti üçün təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli oldu. Əminik ki, qaldırılan bu və digər məsələlər iki vergi administrasiyasına əməkdaşlığın yeni səmərəli formalarını inkişaf etdirməyə imkan verəcəkdir. Bununla yanaşı, biz bu görüşün davamının gələcəyinə inanırıq.

- Sizcə, Azərbaycan vergi sisteminin hansı nailiyyətləri Ukraynanın vergi orqanları üçün maraqlı ola bilər?

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi öz nailiyyətlərinin beynəlxalq arenada təbliğində çox fəaldır. Ölkənizin vergi sistemi yeni qlobal və daxili çağırışlara uğurla cavab verir və bir sıra mühüm islahatlar həyata keçirir. Beynəlxalq əməkdaşlıq üzrə ekspert kimi, mən şəffaflığın və informasiya mübadiləsinin beynəlxalq standartlarını tətbiq etmək təcrübənizlə maraqlanıram. 2016-cı ildə OECD-nin Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu Azərbaycanı "əsasən uyğun" (largely compliant) reytinq balı ilə qiymətləndirmişdir ki, bu da öz növbəsində ölkənizdə vergi sisteminin beynəlxalq standartlara cavab verdiyinin göstəricisidir. Ukrayna vergi sistemi üçün maraqlı sahələr risklərin idarə edilməsi, e-ticarətin vergiyə cəlb olunması, e-audit, KOS-lar üzrə əməletmə strategiyaları, elektron xidmətlər, insan resurslarının idarə edilməsi və kommunikasiyalardır. Biz bu sahələrin bəziləri barədə təcrübə mübadiləsinin aparılması məqsədilə Vergilər Nazirliyinə məktub göndərmişik və Ukrayna nümayəndələrinin səfəri ilə bağlı müsbət cavab almışıq. Hesab edirəm ki, Ukraynanın Dövlət Fiskal Xidmətinin bəzi praktik təcrübələri də Azərbaycandan olan həmkarlarımız üçün maraqlı və faydalı olacaqdır.

- Qlobal səviyyədə müasir vergi tendensiyaları hansılardır?

- Bütün ölkələr üçün yaxşı fəaliyyət göstərən vergi sistemi dövlət və vətəndaşlar arasında əlaqələrin əsas təməlidir, böyümənin və davamlı inkişafın təmin edilməsi hökumətə imkan verir ki, infrastruktura, təhsilə, sağlamlığa və sosial müdafiə sistemlərinə sərmayə qoysun. Qlobal mənzərə qloballaşma, yeni biznes modelləri və geosiyasətin dəyişməsi ilə yaranan yeni iqtisadi imkanlar və çağırışlarla dramatik şəkildə dəyişir. Nəticədə dövlətlər dəyişiklikləri həll etmək üçün milli və beynəlxalq qaydaları yeniləməlidirlər.

Mənim fikrimcə, ən qabaqcıl qlobal trendlərdən biri vergi şəffaflığının artırılmasıdır, yəni bank sirri ölkələrin vergi qanunvericiliyinin tətbiqi zamanı onlar üçün maneə təşkil etmir. Bu məqsədlə Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum təsis edilmişdir və hazırda uğurla EOIR (sorğu əsasında məlumat mübadiləsi) və AEOI standartlarının tətbiqi öhdəliyini öz üzərinə götürmüş 150-dən çox yurisdiksiyanı əhatə edir. Bununla yanaşı, ölkələr öz vergi ödəyiciləri üçün könüllü açıqlama mexanizmlərini tətbiq etməlidirlər.

Başqa bir qlobal problem BEPS layihəsi və 15 tədbirdən ibarət olan BEPS fəaliyyət planına istinadən vergi ödəmələrinin qarşısını almaqdır. 115 üzv ölkədə BEPS-in tətbiqi həm yeni milli qanunlar, həm də OECD-nin Çoxtərəfli Aləti vasitəsilə həyata keçirilir. Vergi və digər maliyyə cinayətləri, elektron ticarətin, blokçeyn texnologiyalarının vergi tətbiqlərinə dair qaydalara təsir göstərə biləcək mənbələrə də toxunmaq olar.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?