19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xronometraj metodu ilə müşahidə

Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Məcəllədə müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanının hüquqlarına aid edilib.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, xronometraj metodu ilə müşahidə həyata keçirilməsi, rəsmiləşdirilməsi, nəticələrinin vergi orqanı tərəfindən hesablamalarda tətbiqi baxımından maraqlı nüansları olan vergi nəzarəti tədbiridir.

Vergi Məcəlləsinin 37.5-ci maddəsində göstərilib ki, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin müddəa kameral vergi yoxlamasına dair maddə olmaqla xronometraj metodu ilə müşahidənin nəticəsinə görə vergi hesablanarkən vergi ödəyicisinin fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi halları istisna edir.

Misal 1: “RH” MMC tərəfindən 2021-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində təqdim edilmiş malların dəyəri 7 600 manat göstərilib. Cəmiyyətdə aparılan sonuncu xronometraj müşahidəsi ilə aylıq satış dövriyyəsi 8 400 manat (ƏDV-siz) müəyyən edilib. Həmin bəyannamədə satış dövriyyəsinin xronometrajın nəticəsindən az göstərilməsi haqqında uyğunsuzluq yarana və kameral vergi yoxlaması ilə aradakı 800 manat fərq bərpa edilə bilər.

Misal 2: “AA” MMC-də aparılan xronometraj metodu ilə müşahidə 14.04.2021-ci il tarixdə başa çatıb və 1 230 manat orta günlük istehsal həcmi, 980 manat satış dövriyyəsi müəyyən edilib. MMC 05.05.2021-ci il tarixdən fəaliyyətini müvəqqəti dayandırıb. Qeyd olunan tarixdən sonrakı dövr üçün xronometraj müşahidəsinin nəticəsi vergilərin hesablanması üçün əsas götürülməyəcək.

Eyni zamanda, Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən, vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Məcəllənin 50-1.2-ci maddəsində göstərilib ki, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Yəni, göstərilən müddətlər başa çatdıqdan sonra vergi ödəyicisi ərizə ilə müraciət edirsə, vergi orqanının yeni müşahidə təyin edib-etməməsindən asılı olmayaraq sonuncu müşahidənin nəticəsi passivləşir.

Misal 3: “RH” MMC-yə məxsus pərakəndə ticarət obyektində 14.07.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Cəmiyyət 03.08.2021-ci il tarixdə satış dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar yeni müşahidənin keçirilməsi üçün müraciət edib. Sonuncu müşahidənin vergi ödəyicisində ilk dəfə təyin olunan xronometraj müşahidəsi olmasını nəzərə almaqla, 1 aydan az vaxt keçməsini əsas gətirməklə vergi orqanı müşahidənin nəticəsini 13.08.2021-ci il tarixədək qüvvədə saxlayaraq ərizəyə imtina cavabı verəcək. Yalnız 13.08.2021-ci il tarixdən sonra müşahidənin nəticəsi passivləşəcəkdir.

Misal 4: “RH” MMC-yə məxsus pərakəndə ticarət obyektində 05.05.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Vergi ödəyicisi 16.07.2021-ci il tarixdə satış dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar yeni müşahidənin keçirilməsi üçün müraciət edib. Sonuncu müşahidənin növbəti dəfə keçirilməsi nəzərə alınmaqla ərizə 2 ay sonra təqdim edildiyindən ərizənin təqdim edildiyi tarixdən etibarən xronometrajın nəticəsi qüvvədən düşəcəkdir.

Bu zaman diqqət etmək lazımdır ki, Vergi Məcəlləsinin 50-1.2-ci maddəsində göstərilən müddətlərin axımına vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı müddət daxil edilmir.

Misal 5: “AA” MMC-yə məxsus pərakəndə ticarət obyektində 05.05.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Vergi ödəyicisi 06.06.2021-ci il tarixdə fəaliyyətini dayandırıb. 01.07.2021-ci il tarixdə bərpa edib. Sonuncu müşahidənin növbəti dəfə keçirilməsini fərz etsək 2 ay müddət hesablanarkən fəaliyyətin dayandırıldığı 24 gün nəzərə alınmayacaq.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?