6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il bərpaolunan enerji ilə bağlı ilk hərrac keçiriləcək

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uyğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir.

Bunu energetika naziri Pərviz Şahbazov deyib.

“Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını hazırkı 17,3 faizdən 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir. Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 milyard kVt/st elektrik enerjisinin istehsalı, 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir”, - deyə nazir qeyd edib.

Nazir diqqətə çatdırıb ki, bərpaolunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır. Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə birbaşa cəlbetmə və hərraclar vasitəsilə reallaşdırılması nəzərdə tutulur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpaolunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən seçilmiş məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.