ƏDV öhdəliyi və onun əvəzləşdirilməsi qaydası
Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Bəs ƏDV kimdən və necə alınır? Onun uçotu necə aparılır? Bu və digər suallara iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirib:
ƏDV müəssisənin maliyyə hesabatlarında ya öhdəlik (kreditor), ya da alacaq (debitor) kimi əks etdirilə bilər. ƏDV ödəyicisi üçün mal və xidmətlərin alışı və idxalı zamanı ödənilən ƏDV məbləği müəssisənin alacağı (ƏDV aktivi) kimi uçota alınır. ƏDV aktivinə həmçinin, əvəzləşdirilən ƏDV də deyilir. Mal və xidmətlərin satışı zamanı istehlakçıdan alınan ƏDV məbləği isə müəssisənin kreditoru (ƏDV öhdəliyi) kimi uçota alınır.
ƏDV ödəyicisi üçün ƏDV müəssisənin birbaşa xərclərinə aid edilə bilməz. Lakin bəzi hallarda əgər ƏDV ödəyicisi ödəniş zamanı vergi qanunvericiliyinin tələblərini yerinə yetirməsə (məsələn, ƏDV-ni nağd şəkildə ödəsə), əvəzləşdirmə hüququnu itirsə də ödənilmiş məbləği alışın üzərinə gələ bilər.
ƏDV ödəyicisi olmayan fiziki və hüquqi şəxslər isə alışlar və idxal zamanı ödədikləri ƏDV-ni məhsulun və ya xidmətin maya dəyərinə daxil etməyə məcburdurlar.
Mal və xidmətlərin satışı zamanı həmişə ƏDV öhdəliyi yaranır. Yəni, istər nağd qaydada kassa aparatı vasitəsilə satış olsun, istərsə də nağdsız qaydada bank vasitəsilə satış, ƏDV öhdəliyi yenə də yaranır. Mal və xidmətlərin alışı zamanı isə ƏDV aktivi yarana bilər. Lakin bu zaman alışlar mütləq şəkildə nağdsız qaydada olmalı və ƏDV hissəsi də nağdsız qaydada depozit hesabına köçürülməlidir. Malların və xidmətlərin idxalı zamanı ödənilən ƏDV isə istənilən qaydada ödənilsə, yenə də ƏDV aktivi yaranır. Yəni idxal zamanı xidmətin ƏDV hissəsi həm bankla köçürmə yolu, həm də nağd qaydada qəbzlə ödənilərsə, yenə də əvəzləşdirilən ƏDV yaranır.
İşarələnmiş hərflərə (S, A və İ hərflərinə) görə ƏDV-ni aşağıdakı düstur şəklində də ifadə etmək olar:
ƏDV = S – (A+İ)
Burada, S- satışlar zamanı alınan ƏDV, yəni, satışlardan daxil olan ƏDV hissəsidir;
A – mal və xidmətlərin alışı ilə bağlı nağdsız qaydada ödənilən ƏDV-dir;
İ – malların idxalı zamanı gömrüyə ödənilmiş ƏDV və qeyri-rezidentlərdən (xaricdən) xidmətlərin alışı (idxalı) zamanı dövlət büdcəsinə ödənilən ƏDV-dir.
Misal 1: “ABC”müəssisəsi xidmət göstərən hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə mal vəxidmətlərin alışı zamanı satıcılara 1500 dollar və onlara görə 270 dollar ƏDV ödəyib.Dövr üzrə müəssisə başqa şirkətlərə 5000 dollarlıq xidmət göstərməklə onlardan 900 dollar ƏDV qəbul edib. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablamaq tələb olunur.
900-270 = 630 dollar.
Deməli, bu zaman müəssisənin 630 dollar məbləğində ƏDV öhdəliyi yaranır.
Misal 2: “NBH” müəssisəsi istehsalatla məşğul olan hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə istehsalatla bağlı alışlarına görə satıcılara 15000 manat və onlara görə 2700 manat ƏDV ödəyıb. Müəssisə istehsalata yeni başladığı üçün dövr ərzində cəmi 2000 manatlıq satış edə bilib. Buna görə də alınan ƏDV cəmi 360 manat təşkil edir. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablayaq:
Satışlar – 2000 manat
ƏDV öhdəliyi - 360 manat
Alışlar – 15 000 manat
Əvəzləşdirilən ƏDV – 2 700 manat
2700-360 = 2340 manat.
Büdcədən qaytarılmalı olan ƏDV məbləği 2340 manatdır.