Kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan ticarət əlavəsindən ƏDV hesablanması
Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.
Mühasib Aytən Abdıyeva kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsindən ƏDV-nin hesablanması qaydasına aydınlıq gətirib. Bildirib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.
175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Misal: Pərakəndə ticarət fəaliyyətini həyata keçirən ƏDV ödəyicisi olan fiziki şəxsin hesabat dövrünün əvvəlinə Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsulları üzrə 15 000 manat (alış qiyməti ilə) dəyərində mal qalığı olub. Fiziki şəxs hesabat dövrü ərzində 9 000 manat dəyərində Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı malları alıb, 25 000 manat (satış qiyməti ilə) dəyərində satış həyata keçirib. Dövrün sonuna alış qiyməti ilə 8 000 manat dəyərində mal qalığı olub. Fiziki şəxsin kənd təsərrüfatı mallarını pərakəndə satışı üzrə əməliyyatında büdcəyə ödəməli olduğu ƏDV-nin məbləğini hesablayaq:
Satılan malın maya dəyəri:
15000+9000-8000 = 16000 manat
Satışdan gəlir: – 25000 manat
Burada ƏDV ticarət əlavəsindən hesablanır:
(25000-16000)*18%=1620 manat.
Vergi Məcəlləsinin 174.3 –cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.