“Araz Vadisi İqtisadi Zonası” sənaye parkının böyük inkişaf potensialı var
Azərbaycanda ümumi daxili məhsulun 35 faizə yaxını sənaye sahələrindən formalaşır. Bunu millət vəkili Tahir Mirkişili sənaye parklarının yaradılması ilə bağlı fikirlərini bölüşərkən açıqlayıb. O, əlavə edib ki, bu göstəriciyə görə ölkəmiz Avropa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir:
“Sənayenin inkişafında son illərdə yaradılan sənaye parklarının və məhəllələrinin rolu böyükdür. Hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu zonalarda ümumilikdə 9300 işçı çalışır. Son 3 ildə sənaye zonalarında çalışan insanlara rezidentlər tərəfindən 320 milyon manat maaş ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 80 milyon manatı keçib”.
T. Mirkişilinin sözlərinə görə, son 3 ildə sənaye zonalarında 2,6 milyard manat dəyərində məhsul satışı olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir.
Bu günlərdə dövlət başçısının fərmanı ilə daha bir sənaye parkı – “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradıldığını xatırladan millət vəkili onun potensialını yüksək qiymətləndirib:
“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarını, Zəngəzur Dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət regionda gedəcək bərpa işlərini nəzərə alsaq, bu sənaye parkının böyük inkişaf potensialı vardır. Əminəm ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılması nəzərdə tutulub.