KOB İnkişaf Mərkəzlərinin keçirdiyi təlimlərdən 800-dək biznesə başlamaq istəyən və sahibkar faydalanıb
Son illər maliyyə və vergi sisteminin inkişafına, o cümlədən bu sahədə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə mühüm diqqət yetirilib. Birinci növbədə buraya sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun inkişaf etdirilməsini, vergi inzibatçılığının sadələşdirilməsini, o cümlədən sahibkarlar üçün xidmət səviyyəsinin yaxşılaşdırılmasını daxil etmək olar.
Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə Bakıda keçirilən “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O qeyd edib ki, yeni vergi inzibatçılığı siyasətində müstəqil auditorun rolunun artması sahibkar-məmur təmasını minimuma endirəcək, sahibkara əlavə dəstək və konsaltinq aləti təqdim ediləcək.
Bildiyiniz kimi, dövlət siyasətində mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sahibkar məmnunluğunun və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Həmçinin uçot sisteminin şəffaflaşdırılması üçün gəlir və xərclərin uçotunun təmin edilməsi, malların alğı-satqı prosesində sənədləşmənin aparılmasının yeni qaydalarının tətbiqi və digər istiqamətlərdə mühüm islahatlar həyata keçirilib.
Qeyd edilənlərlə yanaşı, Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində aparılan təhlillərə əsasən vergiödəyiciləri, xüsusilə də, xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar tərəfindən gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi, uyğunsuzluq məktublarının vaxtında oxunulmaması və sair nəticəsində kameral qaydada vergilər hesablanır ki, bu da sonradan vergiödəyicilərinin narazılığına səbəb olur. Başqa sözlə, hesabatlarında uyğunsuzluq aşkarlanmış vergiödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarların payına düşür ki, bu da öz növbəsində həmin kateqoriyadan olan sahibkarlıq subyektlərinin bu sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. Sözügedən məsələlər bir sıra hallarda KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyi ilə də qaynaqlanır. Belə olan halda, biz həm də bu cür sahibkarlara dəstək olmalı, uçot və hesabat formalarının daha da sadələşdirilməsi barədə düşünməliyik.
“Ötən onillikdə dünyada uçotun və hesabatlığın inkişafında elektronlaşdırılma əhəmiyyətli rol oynayırdısa, hazırda bu proses tam yeni mərhələyə keçib. İndi bu cür sistemlər proaktiv olmaqla yanaşı, həm də özündə süni intellektin elementlərini birləşdirməlidir. Burada məqsəd ilk növbədə insan amilinin minimuma endirilməsi və həddindən artıq sayda müxtəlif qanun və qaydaların mənimsənilməsinə sahibkarı minimum cəlb etməklə onun biznesinin hesabatlığını vaxtında və operativ təmin edilməsidir. Təəssüf ki, bu gün qurumlararası inteqrasiya kifayət qədər qənaətbəxş səviyyədə olmadığından, kağız formasında bəzi hesabatların hələ də mövcudluğu son nəticədə bu sahədə nöqsanların sayının artmasına və auditdə müəyyən çətinliklərin yaranmasına səbəb olur”, - deyə KOBİA-nın İdarə Heyətinin sədri deyib.
Ölkəmizin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları istiqamətində də atdığı addımların çox əhəmiyyətli olduğunu qeyd edən Orxan Məmmədov deyib ki, təcrübə istənilən nəticəni əldə etmək üçün hələ bir çox işlərin görülməli olduğunu göstərir. İlk növbədə, aparılan sosial-iqtisadi islahatların effektivliyinə, iqtisadi mühitin dinamikliyinə nəzərən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında mühasibat uçotunun aparılmasına dair yaradılmış normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə yenidən baxıla bilər. Həmçinin, mikro və kiçik sahibkarlıq subyektlərinin illik dövriyyəsinin və işçilərinin orta illik sayının digər sahibkarlıq subyektlərindən fərqli olaraq az olması bu sahədə normativ-hüquqi bazanın bir qədər də sadələşdirilməsini aktuallaşdırır. Sadalanan bu və ya digər məsələlərlə bağlı KOB subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirilməkdədir
Diqqətə çatdırılıb ki, sözügedən sahədə ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. Məlumat üçün bildirmək istərdim ki, 2021-ci il ərzində KOB İnkişaf Mərkəzləri tərəfindən adıçəkilən mövzularda 40-a yaxın təlim təşkil olunub ki, bu təlimlərdən 800-ə qədər biznesə başlamaq istəyən və sahibkar faydalanıb.
Müasir şəraitdə baş verən sosial-iqtisadi proseslər, mövcud iqtisadi durum və digər amillər hesabatlığın və şəffaflığın, həmçinin uçot qaydalarının da təkmilləşdirilməsini tələb edir. 2019-cu ildə Vergilər Məcəlləsinə bir sıra çox önəmli dəyişikliklər edilib, bununla belə ödənişlər, hesabatlılıq, idxal-ixrac əməliyyatları ilə bağlı sahibkarlardan daxil olan müraciətlər tərəfimizdən təhlil edilir və bunun əsasında KOBİA-da mütəmadi olaraq təkliflər paketi formalaşır. Sadalanan bu və digər məsələlərlə bağlı bir sıra nəticə və təklifləri qeyd edə bilərik: “Mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Planımız ondan ibarətdir ki, nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB İnkişaf Mərkəzlərinin müvafiq mövzularda keçirdiyi təlimlərə cəlb olunacaq. Eyni zamanda, müəyyən edilmiş sahibkarlara KOB dostu şəbəkəsi tərəfindən informasiya dəstəyi göstəriləcək. Fikrimizcə, mikro və kiçik sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə sözügedən tədbirlərin ünvanlı olaraq həyata keçirilməsi yuxarıda sadalanan nöqsanların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Həmçinin KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsi, başqa sözlə onlar üçün vaxt və maliyyə itkisinə yol vermədən daha səmərəli və əlçatan mexanizmlər haqqında təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazır olduğumuzu bildiririk”.