10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın İnkişafı Fondu sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi missiyasını yerinə yetirir

Sahibkarlığın İnkişafı Fondunun aktiv fəaliyyətə başlamasından 19 il ötür

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış çətinliklərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalar”nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olub. Bu qaydaların tətbiqi sahibkarlara güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə apardığı müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq düşünülmüş və ardıcıl islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadi dayanıqlığının təmin olunmasına, regionların tarazlı inkişafına və ölkənin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfəsini verib. Eyni zamanda, dövlət-sahibkar münasibətlərinin və qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılıb.

Ötən dövr ərzində Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısının müvafiq fərmanları (2004, 2005, 2006, 2009 və 2011-ci illərdə) imzalanıb və nəticədə güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsi, eləcə də sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edilməsinə əlverişli şərait yaradılıb. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlətimizin başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 min 1 manatdan 1 milyon manatadək müəyyən edilib. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.

Pandemiyadan zərərçəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir. Belə ki, 2021-ci il mayın 31-dək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib. Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?