Azərbaycan iqtisadiyyatının böyük perspektivləri var
Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elçin Quliyevdir.
- Elçin müəllim, Azərbaycanda yeni iqtisadi inkişaf mərhələsini necə səciyyələndirərdisiniz?
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 sektoru üzrə strateji yol xəritələri təsdiq edildi. Bu sənədlər neft və qaz sənayesinin, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalının, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafını təmin edəcək geniş çeşiddə tədbirlərin icrasını nəzərdə tutur.
Yol xəritələrinin uğurlu icrası iqtisadi inkişafda dayanıqlığın təmin edilməsi məqsədilə iqtisadi diversifikasiyanın və rəqabətli mühitin yaradılması istiqamətində infrastruktur imkanlarının genişləndirilməsi, inzibati xidmətlərin göstərilməsi ilə bağlı çevikliyin, səmərəliliyin və şəffaflığın artırılması kimi məsələlərin həllində mühüm rol oynamaqdadır. Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsi növbəti mərhələdə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edəcəkdir. Təbii ki, qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün dövlət-özəl sektor əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə sənayeləşmə çərçivəsində innovativ inkişafa təkan verəcək yeni mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, yeni texnoloji nailiyyətlərdən istifadə olunması və sahibkarlıq subyektlərinin təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi vacibdir. Hazırda kifayət qədər dəstəkləyici dövlət güzəştləri mövcuddur. Lakin hazırda dünyada, xüsusilə region ölkələrində rəqabətin daha da artdığını nəzərə alaraq, mütərəqqi təcrübədən istifadə olunmaqla daxili istehsalın inkişaf etdirilməsinə yönəldilən tədbirlərin davam etdirilməsi zəruridir. Bütün bunlarla yanaşı, təbii ki, insan kapitalının inkişafı məsələsi hər bir cəmiyyət qarşısında duran əsas vəzifələrdəndir.
- Dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərmanın əsas mahiyyəti nədən ibarətdir?
- Fərmandan göründüyü kimi, iqtisadi və sosial sahələrdə reallaşdırılan islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşması, yeni iş yerlərinin açılması öz müsbət nəticələrini göstərməkdədir. Bununla yanaşı, dünyada baş verən kataklizmlər, maliyyə böhranları ölkə iqtisadiyyatından yan keçməyib və bu da əhalinin müəyyən təbəqəsinin ödəmə qabiliyyətinin zəifləməsinə, eləcə də banklardan xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına gətirib çıxarıb. Ölkədə iqtisadi inkişaf tempinin artması fonunda maliyyə imkanlarının genişlənməsi əhalinin xarici valyutada vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb. Bu baxımdan, məsələyə vaxtında adekvat reaksiya verilərək, baş vermiş devalvasiya nəticəsində əhalinin xarici valyutada olan kreditləri və nəticədə problemli kreditlər məsələsinin həlli məqsədilə dövlət tərəfindən təqdirəlayiq addımlar atıldı.
Dünya təcrübəsi göstərir ki, yeni texnoloji nailiyyətlərdən istifadə olunması və
sahibkarlıq subyektlərinin təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi vacibdir
- 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramı uğurla icra edilib və dördüncüsü qəbul olunub. Bir millət vəkili kimi, bu proqramların icrasını necə dəyərləndirərdiniz?
- Uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, xüsusilə əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Hazırda bu imkanlardan çıxış edərək regionlarda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi istiqamətində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb.
Dövlət proqramları çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha səmərəli istifadə olunması və digər istiqamətlərdə kompleks işlər həyata keçirilib. Nəticədə 2004-2018-ci illərdə ümumi daxili məhsul real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artıb. Bu dövrdə sənaye real ifadədə 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 24,3 dəfə artaraq 2019-cu il yanvarın 1-i vəziyyətinə 45 milyard ABŞ dolları səviyyəsini keçib. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası da xeyli genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, qeyri-neft ixracı 4,2 dəfə artıb.
Ölkəmizdə artıq bir çox vergi güzəştləri və azadolmalar tətbiq edilir ki, bunun sayəsində biznes mühitinin yaxşılaşdırılmasına geniş imkanlar açılıb. Düşünürəm ki, dünyada gedən proseslərin önündə bilik iqtisadiyyatı dayanır və bu fonda innovasiya yönümlü texnologiyaların istehsalı və innovativ həllərin, ixtiralara vergi güzəştləri, azadolmalar və hətta bu həllərin faizsiz kreditlərlə dəstəklənməsi daha məqsədəuyğun olardı.
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI