7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupunda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Turizm Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 tikili və 2 895 infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir. Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165-nin (37.1 faiz) əsasən yararlı, 4411-nin (31.7 faiz) qismən yararlı, 4335-nin (31.2 faiz) isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident seçilib.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat malları dükanları, aptek, bankomat və s. açılması məqsədilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlarda sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən verilən məlumatda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi məqsədilə şirkətlərlə görüşlər keçirilib. Həmin şirkətlərlə 14497.25 hektar torpaq sahəsini əhatə etməklə torpaqdan istifadə ilə bağlı müqavilələr bağlanılıb və əkin aparılmış 9557.25 hektar əkin sahəsinə subsidiyalar ödənilib. İyulun 23-dək 8957.5 hektar taxıl sahəsi biçilib. Pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus 3661 arı ailəsinin və 8569 baş xırdabuynuzlu heyvanın köçürülməsi həyata keçirilib. Laçın rayonunun ərazisində arı ailələrinin yerləşdirilməsi məqsədilə monitorinq aparılıb və Ağcabədi, İsmayıllı, Qax rayonlarında məskunlaşan Laçın rayonundan olan fermerlərə məxsus 531 arı ailəsinin köçürülməsi həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsinin təşkili ilə bağlı Andorranın PGİ və Türkiyənin İNOVA şirkətləri ilə danışıqlar aparılıb. Avqustun 1-də Dövlət Turizm Agentliyinin əməkdaşlarının Şuşa şəhərinə səfəri planlaşdırılır. Səfər müddətində Daşaltının turizm imkanları qiymətləndiriləcək.

Təqdim olunan hesabatlar işçi qrupunun üzvləri tərəfindən geniş müzakirə olunub və qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?