Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən icbari ödənişlərin hesablanması
Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə uyğun müəyyən edilən güzəştlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna edilir. Bəs müavinətlərin hesablanması necə aparılır? Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
“Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə sığortaedənin vəsaiti hesabına verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Bundan əlavə, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə görə, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.
Misal: Tutaq ki, əsas iş yeri dövlət müəssisəsi olan işçiyə 600 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 380 manatı işəgötürən, 220 manatı isə DSMF tərəfindən ödəniləcək. İşəgötürən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan güzəşti nəzərə almaqla ödəyəcəyi müavinət məbləğinə 25,20 manat ((380-200) x 14 faiz) gəlir vergisi hesablayır.
DSMF də öz növbəsində 220 manatdan 30,80 manat (220 manat x 14 faiz) gəlir vergisi hesablayaraq işçiyə ödəniləcək müavinətdən tutur və işçiyə 189,20 manat (220 manat - 30,80 manat) ödəniş edir. DSMF hesabına ödəniləcək gəlir vergisi haqqında məlumat, onlar tərəfindən təqdim olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində hesablanan vergi bəyannaməsi”ndə qeyd edilir.
Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır.
“Sosial sığorta haqqında” Qanunda məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.
“İşsizlikdən sığorta haqqında” Qanunda göstərilir ki, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir.
Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği DSMF tərəfindən işçiyə tam şəkildə ödənilməlidir.