12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta olunan bitki və heyvanların siyahısı genişləndiriləcək

Artıq Azərbaycanda ilk aqrar sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov ilk aqrar sığorta hadisəsi, əkinlərin və heyvanların sığorta şərtləri, qiymətləri və bu sahədə gözlənilən yeniliklərlə bağlı sualları cavablandırıb.

- Fuad müəllim, mövzu ilə bağlı oxucularımızda konkret təsəvvür yaratmaq üçün ilk aqrar sığorta ödənişinin təfərrüatlarını açıqlamanızı xahiş edirik.

- Göygöl rayonunda fəaliyyət göstərən fermer bizə könüllü olaraq müraciət edərək təsərrüfatını, 70 baş inəyi sığortalayıb. Sığorta müqaviləsi 3 illik müddətə bağlanıb və sığorta haqqının 50 faizə qədərini dövlət ödəyib. Fermerə imkan yaratdıq ki, yerd qalan 50 faizi növbəti 2 il ərzində hissələrlə ödəsin. Sığorta hadisəsi bir neçə gün əvvəl baş verdi.

Qaydalara uyğun olaraq, təsərrüfata dərhal müstəqil ekspert göndərildi. Ekspert heyvanı müayinə etdi, məlum oldu ki, onun sağalması mümkün deyil və məcburi kəsimə verilməlidir. Heyvanın faydalı ətinin dəyərinin 2000 manat olduğu müəyyən edildi və fermer məcburi kəsimdən faktiki olaraq 2000 manat vəsait əldə etdi. Heyvanın qiyməti 5000 manat olduğundan yerdə qalan 3000 manatı iyunun 29-da təzminat olaraq fermerə ödədik. Beləliklə, bir heyvanın sığortalanmasına 150-200 manat vəsait ödəmiş fermer bunun qarşılığında təmxinən 5000 manat vəsait əldə etdi.

- Aqrar sığorta çərçivəsində hansı heyvanlar sığortalanır və sığorta haqqı necə hesablanır?

- Ümumiyətlə, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1-9,5 faiz arasında dəyişir. Sığorta haqqının yarısını dövlət ödəyir. Məsələn, qiyməti 1000 manat olan qeyri-cins heyvanın sığortalanması üçün sığorta haqqı 60 manatdır. Bunun yarısını, yəni 30 manatını fermerin yerinə dövlət, qalan 30 manatını fermer özü ödəyir.

- Bəs hadisə baş verdikdə nə olur?

- Fermer dərhal fonda məlumat verir – bu, mütləq şərtdir. Biz hadisə yerinə müstəqil ekspertləri göndəririk, onlar sığorta hadisəsi harada baş veribsə, hadisəni orada qiymətləndirirlər, hadisənin özünü, səbəbini, dəyən zərəri müəyyən edirlər və rəsmi qaydada fonda təqdim edirlər. Bundan sonra fond 7 iş günü ərzində bütün sənədləri emal edib, hazırlayıb sığorta ödənişini həyata keçirir. Yəni istənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər. Bir şərtlə ki, sahə və heyvanlar elektron sistemdə qeydiyyatdan keçmiş olsun.

- Bitkilərin, əkin sahələrinin sığortası neçəyə başa gəlir?

- Xatırladım ki, aqrar sığorta vasitəsilə ölkədəki əsas bitkiləri - buğda, arpa, qarğıdalı, çəltik, kartof, pambıq, üzüm, şəkər çuğunduru, çay, tütün, fındıq, portağal, naringi və limon bitkilərini sığortalamaq mümkündür. Sığorta tariflərinə gəlincə, ölkə üzrə bir hektar buğda və ya arpa sahəsinin sığorta haqqı 17-18 manat təşkil edir. Yəni, bir hektardan 1000 manat məhsuldarlıq götürən bir fermer bu . məhsulu sığortalamaq üçün 17 manat sığorta haqqı ödəyir.

- Sığorta haqqı regionlar üzrə dəyişir?

- Bəli, mən sizə orta rəqəmləri deyirəm. Bəzi regionlarda sığorta haqqı daha aşağı – 7-10 manatdır. Fərz edək ki, bir hektar sahənin sığorta haqqı 16 manat edir. Bunun 8 manatını dövlət, qalan 8 manatını fermer özü ödəyir. Hadisə baş verdikdə isə, fermerə o sahədən nə qədər zərər dəyibsə, ziyanın qarşılığını biz ödəyəcəyik. Məsələn, sahədən 1000 manatlıq məhsul götürəcək fermerə hadisə nəticəsində 800 manat ziyan dəyərsə, həmin zərəri fermerə biz ödəyirik.

- Son günlər Azərbaycanın müxtəlif ərazilərində açıq sahələrdə yanğın hadisələri baş verir, taxıl sahələri yanır. Bu sahələr arasında sığortalanan varmı və onlara görə ödəniş ediləcəkmi?

- Artıq sığortalı fermerlərimiz yanğınlarla bağlı bizə müraciət ediblər. Məsələn, Samux və Hacıqabulda buğda, arpa əkən təsərrüfatçılar bizə xırda yanğınlar barədə müraciət edib. Hadisələr ekspertlərimiz tərəfindən qiymətləndirilib və yaxın gələcəkdə həmin təsərrüfatlara ödənişlər veriləcək. Hadisələr təkcə yanğınla bağlı deyil. Bir neçə gün əvvəl İsmayıllıda dolu yağmışdı, Yevlaxda, Aran zonasında isə leysan yağış və sel, su basması olmuşdu. Bu hadisələr də ekspertlərimiz tərəfindən qiymətləndirilib və sığortalılarımıza ödənişlər ediləcək.

- Qeyd etdiniz ki, sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək. Bura nələr əlavə olunacaq?

- Hökumətə aqrar sığorta predmetlərinin, yəni sığortalanacaq bitkilərin siyahısının genişlənməsi ilə bağlı təkliflərimiz təqdim edilib. Təkliflərə əsasən, siyahıdakı bitkilərin sayının 45-ə çatdırılması gözlənilir. Bura yonca, soya, soğan, əksər meyvələr, bostan bitkiləri və s. aiddir. Sığortalanan heyvanların da siyahısı genişlənəcək. Südlük inəklərlə yanaşı, iribuynuzlu ətlik heyvanların və xırdabuynuzlu heyvanların - qoyun və keçilərin, eləcə də arı təsərrüfatlarının sığortalanması mümkün olacaq. Yəni aqrar sığorta mexanizmi ildən-ilə genişlənəcək və xidmətlərin əhatə dairəsi böyüyəcək.

- Fermerlər tərəfindən aqrar sığortaya maraq necədir, iş adamları təsərrüfatlarını sığortalamağa meyllidirlərmi?

- Bu sahədə əvvəlki illərdə görünməyən aktivlik var. Ötən illərdə həm sığorta müqavilələrinin sayı, həm də yığılan sığorta haqlarının məbləği az olduğu halda, biz bu ilin ilk 3 ayı ərzində təqribən 12 min hektar əkin sahəsini (əsasən buğda, arpa, üzüm və pambıqçılıq təsərrüfatları) sığortalamışıq. Bundan əlavə, 2 mindən artıq iribuynuzlu heyvan sığortalanıb.

İndiyədək ümumilikdə 2 milyon manata yaxın sığorta haqqı toplanılıb. İlin əvvəlindən indiyədək yığılan sığorta haqları 1,7 milyon manat təşkil edir. Bunun 1,2 milyon manatı heyvanların sığortasından, 500 min manata yaxını isə əkin sahələrinin sığortasından daxil olub. Bu, yaxşı göstəricidir və ilin sonunadək 3-4 qat artmasını gözləyirik. Xatırladım ki, aqrar sığorta icbari deyil, könüllüdür.Təsərrüfatını sığortalamış şəxslər isə öz qazanclarını və gəlirlərini qorumuş olurlar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?