1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ilin İnkişaf Hesabatında Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan 2000-ci ildən BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirən və tolerantlığa, multikulturalizmə verdiyi töhfəyə, gender bərabərliyinin təşviqi və təmin olunması, yoxsulluğun qısa müddətdə azaldılması, xüsusilə insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə müsbət nəticəyə nail olmuş az sayda dövlətlərdən biri olaraq 2030 Gündəliyinin də fəal iştirakçısına çevrilib. Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmiz 2015-ci ildə Cənub-Cənub mükafatı ilə təltif olunub. Bu isə Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilən əsas mükafat hesab edilir.

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan üçün əhəmiyyət kəsb edən Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verib.

Milli Əlaqələndirmə Şurası Azərbaycanda əhalinin sosial-iqtisadi rifahını daha da yaxşılaşdırmaq, bu günədək görülmüş və əldə olunmuş nəticələrin davamlılığını qorumaq, habelə yeni çağırışlara uyğun məqsədlərə nail olmaq üçün qlobal əməkdaşlıq etmək məqsədi güdür. Hər il ölkədə 17 məqsədi əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlanır və 2016-ci ildən etibarən Azərbaycan iki “Könüllü Milli Hesabat” hazırlayan aparıcı ölkələrdən biridir.

Ölkəmiz, həmçinin bu ay baş tutacaq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim olunacaq üçüncü Milli Hesabatı BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahına artıq təqdim edib. “İnklüziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları” mövzusunda hazırlanmış hesabat DİM-lər üzrə həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətləri özündə əks etdirir.

M.Əfəndiyev diqqətə çatdırıb ki, qlobal məqsədlər universal sənəd olmaqla yanaşı, eyni zamanda, kompleks və mürəkkəb bir gündəlik hesab edilir. Bunun əsas səbəbi isə məqsədlərin uğurlu icrası üçün tələb olunan əməkdaşlıq və davamlı həll yollarına əsaslanan yol xəritəsində cəmiyyətin bütün üzvlərinin iştirakının təminidir. Gündəliyin daxilində yerləşən hədəf və göstəricilərin icrasını monitorinq edən ümumbəşəri vahid qiymətləndirmə sistemi mövcud olmasa belə, dövlətlər tərəfindən təqdim edilən könüllü milli hesabatlara istinadən ölkələrin icra indeksi və göstəriciləri beynəlxalq hesabatlarda yer alır.
BMT-nin Dayanıqlı inkişaf hesabatı dayanıqlı inkişaf məqsədlərinin icrası üzrə əldə olunan uğurların indeks və göstəricilərini özündə əks etdirən ən vacib qlobal sənəddir. Beləliklə, uğurla icra olunmuş yol xəritəsinə əsasən Azərbaycan 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal topla¬yaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə ilk sırada qərarlaşmışdır. Qeyd etmək istərdim ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələr arasında bu indeks üzrə orta göstərici 70,9 bal hesablanıb.

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, ölkələrin sosial-iqtisadi prioritetlərinə yenidən baxılmasını zəruri etmişdir. Pandemiyanın qlobal hədəflərə nail olmaq istiqamətində yaratmış olduğu əsaslı çətinliklərdən irəli gələrək Azərbaycan da daxil olmaqla ölkələr əsasən DİM4 (Keyfiyyətli Təhsil) üzrə geriləmə əldə etmişdir.

Lakin bununla belə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsidir ki, hesabatda əks olunan göstəricilərə əsasən Azərbaycan DİM1 (Yoxsulluğa son) və DİM6 (Təmiz su və sanitariya) üzrə əsaslı uğur və DİM3 (Yaxşı səhiyyə və rifah), DİM7 (Sərfəli və təmiz enerji), DİM11 (Dayanıqlı şəhərlər və icmalar) və DİM13 (İqlim dəyişikliyinə qarşı mübarizə) üzrə isə irəliləyiş əldə etmişdir.

Qeyd edilib ki, Azərbaycan yerləşdiyi iqlim qurşaqlarının rəngarəngliyi və coğrafi mövqeyi baxımından Cənubi Qafqazda iqlim dəyişikliyinin mənfi nəticələrinə qarşı ən həssas hesab edilən ölkədir. Bu baxımdan gündəliyin digər bütün məqsədləri ilə sıx əlaqədə olan DİM13 (İqlim dəyişikliyinə qarşı mübarizə) üzrə ölkəmiz üçün nailiyyətlərin əldə olunması vacib məqsəd hesab olunur və buradakı uğursuzluq DİM6 (Təmiz su və sanitariya) və DİM15 (Yer üstündə həyat) üzrə hədəflərə çatmaqda maneə ola bilər.

Deputat, həmçinin vurğulayıb: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı həyata keçirilən ekoloji terrorun nəticəsi olaraq ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə olunmuşdur. Ermənistan hər il transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirmişdir. Bu isə öz növbəsində DİM6 üzrə əldə olunan uğura əsaslı zərər verir. Buna baxmayaraq Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə 30 illik ekoloji terror başa çatmış, Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması istiqamətində işlər aparılmaqdadır”.

Məzahir Əfəndiyev qeyd edib ki, müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbənin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulub, beləliklə illərdən bəri ilk dəfə ölkəmizdə DİM16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyiş qeydə alınıb.

“Əminəm ki, bundan sonra da Cənubi Qafqazda ölkəmiz tərəfindən yaradılacaq sülh və əmin-amanlığın nəticəsi olaraq daimi əməkdaşlıq (DİM17) qurulacaq, region üçün ortaq hesab edilən problemlər və hədəflər uğurla icra olunacaqdır”, - deyə deputat bildirib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ