KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (“AFchamber”) birgə təşəbbüsü ilə “Kiçik və orta bizneslər üçün maliyyəyə çıxış” mövzusunda konfrans keçirilib.
Palatadan bildirilib ki, “AFchamber”in idarəedici direktoru Zibər Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, Avropa İttifaqınin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Asif Mahmudov qonaq-məruzəçi, Fransanın ölkədəki səfiri Zakari Qros isə fəxri qonaq qismində qatılıb.
Konfransda KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklərin, onların maliyyə çıxışını asanlaşdırmaq üçün təqdim edilən yeni maliyyələşmə növlərinin və müxtəlif şirkətlərin bu sahə üzrə irəli sürdüyü layihələrin müzakirəsi yer alıb.
T.Kazımov KOB seqmentindən və onların iqtisadiyyatdakı əhəmiyyətli rolundan danışıb. O, həm geridə qalan üç illik strateji dövrdə, həm də 2021-2023-cü illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında bankın əsas diqqətinin KOB-ların maliyyələşməsinin təmin edilməsinə yönəldildiyini vurğulayıb: “Önümüzdəki əsas çağırış KOB-ların maliyyələşmə metodlarının şaxələndirilməsidir. Ölkəmizə daha çox investisiya cəlb olunmasına yardım etməklə, xarici investorlarla yerli bizneslər, dövlət tənzimləyiciləri ilə sahibkarlıq subyektləri arasında əlaqələndirici olmaqla bu çağırışın öhdəsindən gələ biləcəyik”.
“AFchamber”ın İdarə Heyətinin sədri Teybə Quliyeva KOB-ların maliyyə resurslarına çıxışını məhdudlaşdıran əngəllərin aradan qaldırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının vacibliyini vurğulayıb və bu kimi tədbirlərin ikitərəfli dialoqun dərinləşməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Paneldə çıxış edən dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatın nümayəndələri mövzuya dair institutların həyata keçirdiyi tədbirlər və gələcək layihələr barədə danışıb. Sonda keçirilən sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar qonaq-məruzəçilər tərəfindən cavablandırılıb.
“PAŞA Bank” bundan öncə də KOB-lara həsr olunan bir sıra tədbirlərin təşkilatçısı və sponsoru qismində yer alıb. Bank tərəfindən sosial təcrid dönəmlərində pandemiyanın mənfi təsirindən daha çox zərərçəkmiş sahələrdə fəaliyyət göstərən KOB-larla onlayn görüşlər təşkil olunub və onlara konsultasiya dəstəyi göstərilib.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas missiyası dövlət və özəl sektor arasında tərəfdaşlığı təşviq etmək olan qeyri-hökumət təşkilatıdır. Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 50-dən çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.