2021-ci ilin yanvar-may ayları ərzində 119.175 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb
Daşınmaz əmlakın qeydiyyatı sahəsində əhalinin xidmətlərdən daha rahat faydalanması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, daşınmaz əmlakın qeydiyyat prosedurunun sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə işləri davam etdirir.
Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Belə ki, 2021-ci ilin yanvar-may ayları ərzində 119.175 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 28.016-sı ilkin, 91.159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27.1% artıb.
Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17.555-i fərdi yaşayış və bağ evi, 36.999-u mənzil, 59.146-sı torpaq sahəsi, 1.328-i qeyri-yaşayış binası, 3.843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.
2021-ci ilin ilk 5 ayı ərzində 6.168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14.5% artıb. Anoloji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25% artaraq 6.286 olub.
Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 5 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32.1% artaraq 11.387, mənzillər üzrə 50% artaraq 23.678, torpaq sahələri üzrə isə 36,3% artımla 52.860 olub.
Ümumilikdə isə, ötən ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65.403-dən 91.159-a yüksəlib.