Şuşa Bəyannaməsi regionun iqtisadi mənzərəsini dəyişəcək
Şuşa Bəyannaməsi təkcə Azərbaycanın deyil, həm də Qafqazdakı hər 3 ölkənin iqtisadi inkişaf yollarını, prioritetləri, istiqamətləri əsaslı şəkildə dəyişəcək tarixi sənəddir.
İqtisadçı Elman Sadıqov Şuşa Bəyannaməsinin iqtisadi həyata gətirəcəyi dəyişikliklərdən danışarkən qeyd edib ki, monetar və idxal-ixrac siyasətləri, turizm, istehsal-emal sahələrində bir çox köhnə məsələlər unudularaq yaranmaqda olan yeni gerçəkliklərin tələblərinə uyğun siyasətlər formalaşacaqdır: “Türkiyə iqtisadiyyatı indiyə qədər fokuslandığımız Rusiya iqtisadiyyatından köklü şəkildə fərqlənən, daha dərin, daha geniş, daha çox strukturlaşmış və formalaşmış bir iqtisadiyyatdır. Bu iqtisadiyyatla daha da yaxınlaşmaq üçün onu incəliyinə qədər öyrənmək də kifayət etmir; bu iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı ilə daha optimal, win/win (qarşılıqlı qazanc) prinsipləri əsasında uzlaşma yollarının operativ və səmərəli bir şəkildə axtarılması, araşdırılması çox vacibdir. Biz hər iki iqtisadiyyatın təhlili və ortaq yollarının tapılması ilə üstünlükləri daha da artıra bilərik.
Türkiyə və Azərbaycan iqtisadiyyatlarının yaxınlaşması istiqamətindən artıq təqdirəlayiq addımlar atılmaqdadır. Bunlardan biri də Azərbaycanın məşhur brendlərinin türk seriallarında reklamı vasitəsilə Türkiyə, Yaxın Şərq və dünya bazarlarına çıxarılması təşəbbüsüdür. Türkiyənin ən reytinqli məşhur seriallarından birində “Badamlı”nın geniş reklamı verilir.
İnkişaf etmiş ölkələrin əsas prinsiplərindən biri siyasətin iqtisadiyyata xidmət etməsidir. Bu gün atılan siyasi addımlar əslində sabah formalaşacaq yeni iqtisadi əlaqə və istiqamətlərin, hətta haqqında çox danışılan Yeni Dünya Düzəninin əsaslarını qoyur. Biz təkcə Türkiyə-Azərbaycan iqtisadi əlaqələri və ya regionda yaranması nəzərdə tutulan iqtisadi platformaların fonunda Azərbaycanın mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri deyil, həm də dünyada baş verəcək dəyişikliklərin fonunda ölkəmizin mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri eyforiyaya qapılmadan, ümumi və dayaz təhlillərdən uzaq olmaqla ətraflı və dərin təhlil edərək düzgün nəticələr çıxara bilərik.
Bizi bu istiqamətlərdə gərgin və sürətlə həyata keçiriləcək işlər və planlar gözləyir. Əminəm ki, növbəti illər ərzində sürətli dəyişikliklər baş verəcək. Bundan maksimum faydalanmaq isə hər bir dövlətin bu dəyişikliklərin nəbzini tutaraq onlara hazırlıq dərəcəsindən asılı olacaq”.