AmCham “Ağ sənəd”inin növbəti nəşrini təqdim edib
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkəmizin biznes mühitinin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələri əhatə edən “Ağ sənəd”in növbəti buraxılışını ictimaiyyətə təqdim edib.
Sənəddə AmCham üzvlərinin Azərbaycanın biznes iqliminin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub. Sənəd iki hissədən: “Giriş” və “Tövsiyələr”dən ibarətdir. Əvvəlki illərdə tərtib edilmiş “Ağ sənəd”lərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilib və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnib ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərib.
AmChamın prezidenti Nuran Kərimov qeyd edib ki, AmCham hər zaman hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir. "Biz hökuməti özəl sektorun düşüncələri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmanın çox vacib olduğunu düşünürük. “Ağ sənəd” 2021-vi ildə vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və s. kimi müxtəlif sahələrdə həll edilməsi zəruri hesab olunan məsələləri əhatə edir. Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olub və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini də göstərib. Biz inanırıq ki, AmCham üzvləri tərəfindən bu sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkədə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaqdır”.
Xatırladaq ki, AmCham Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80 faizindən çoxunu təmsil etməklə, ümumilikdə 250-dən çox üzv şirkəti özündə birləşdirir. Dövlət və özəl sektor arasında körpü rolunu oynayan və müxtəlif dövlət qurumları ilə davamlı və konstruktiv dialoq quran Amerika Ticarət Palatası öz üzvlərinin maraqlarını təmsil edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.
“Ağ sənəd” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur.