Lisenziyası ləğv olunmuş 4 bankın kompensasiya ödənişləri 640 milyon manatı ötüb
Sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin 24 min 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) AZƏRTAC-a bildirilib ki, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, kapitallarını tam itirdiklərinə görə “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Qlobal miqyasda və ölkə daxilində baş verən COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və xüsusilə də fond əməkdaşlarının növbəli iş rejiminin yaratdığı çətinliklərə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bir ildən az zaman ərzində müflis elan edilmiş son 4 bank üzrə kompensasiyalarının təmin edilməsində yüksək nəticələr əldə edib. Fond sözügedən banklar üzrə kompensasiyaların tam ödənilmə prosesini qısa zamanda qanunla müəyyən olunmuş qaydada yekunlaşmasını həyata keçirəcək.
Sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və ADIF ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin toplam 24 min 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib. Belə ki, ötən il iyun ayının 16-dan cari il aprel ayının tamamınadək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 9009 əmanətçisinə 254 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 93,7 faizi) ödənilib. Həmçinin ötən il iyunun 1-dən cari il aprelin sonunadək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15 min 679 əmanətçisinə 386 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 95,34 faizi) ödənişi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 12-də əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədi üçün yaradılıb.
Banklarda sığorta hadisəsi baş verdikdə fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.