Martda 1200-dək sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bu ilin mart ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektləri, startaplar və biznesə başlamaq istəyənlər üçün müxtəlif mövzularda və əsasən onlayn formatda olmaqla 47 təlim təşkil edilib.
KOBİA-dan bildirilib ki, vergi, korporativ idarəetmə, rəqəmsal marketinq, satış, maliyyə mənbələrinə çıxış, sığorta, layihələrin və biznes planın hazırlanması və sair istiqamətləri əhatə edən təlimlərdən 1200-dək sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb. Bunlardan 500-ə yaxını gənclər, 600-ə qədəri isə qadınlardır. Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən 70-dək sahibkara və biznes assosiasiyalarına müxtəlif istiqamətlər üzrə məsləhət xidmətləri göstərilib.
Ümumilikdə, mart ayında KOB subyektləri daha çox biznes planın və layihələrin hazırlanması, büdcə tərtibatı, satış və marketinq üzrə məsləhət və təlim xidmətləri üçün KOBİM-lərə müraciət ediblər.
Martda KOBİM-lərin dəstəyi ilə kino və videoçəkiliş studiyasının yaradılması, reklam fəaliyyəti, landşaft dizayn xidmətləri, konsaltinq və sair sahələrdə bir sıra yeni sahibkarlıq subyektləri yaradılıb.
KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri, həmçinin biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanması üçün müvafiq qurumlara yönləndirilib. Eyni zamanda, öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar müvafiq texnika və avadanlıqlarla təmin olunması üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib.
Məlumat üçün bildirək ki, KOBİA-nın hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişaf mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlimlər keçirilir, məsləhət xidmətləri göstərilir, beynəlxalq proqramlarda iştiraka, maliyyə resurslarına çıxışa və sair dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri KOBİM-lər tərəfindən keçirilən təlimlər və mərkəzlərin digər xidmətləri barədə ətraflı məlumatı agentliyin www.smb.gov.az və KOBİM-lərin www.kobim.az saytlarından əldə edə bilərlər.