Aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışının qarşısı alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə daxil olan məlumat əsasında Səbail rayonu, Abbas Abbaszadə küçəsində yerləşən anbarda aparılan müşahidə tədbirləri nəticəsində həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış malların saxlanılması və satışının həyata keçirilməsi halları müəyyən edilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Zeynalov Yusif Əli oğluna məxsus olduğu müəyyənləşdirilib və müvafiq qərarla həmin subyektdə operativ vergi nəzarəti tədbiri təyin edilib.
Keçirilmiş vergi nəzarəti tədbiri zamanı aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 608 ədəd alkoqollu içki məhsulu və 2186 qutu tütün məmulatları, eyni zamanda aksiz markalarının saxta olduğu şübhə doğuran 472 ədəd alkoqollu içki məhsulu müvəqqəti saxlanc üçün götürülüb. Aparılmış araşdırmalar zamanı, müvəqqəti saxlanc üçün götürülmüş və saxta aksiz markası vurulması ehtimal olunan alkoqollu içkilərin alış sənədinin olmadığı müəyyən edilib, həmin məhsullar ekspertiza məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Müvafiq sənədləşmə işləri yekunlaşdıqdan sonra nəzarət materiallarının Vergi cinayətlərinin ibtidai araşdırlması baş idarəsinə göndərilməsi nəzərdə tutulub.
Dövlət Vergi Xidməti bir daha xatırladır ki, aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir.