13 Aprel 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

POS-terminallarla qəbul edilən məbləğlər necə rəsmiləşdirilir?

Sahibkarları, vergi ödəyicilərini, mühasibləri maraqlandıran məsələlərdən biri də POS-terminallar vasitəsilə nağdsız hesablaşma aparılmış məbləğlərin rəsmiləşdirilməsi və uçotudur. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Biznes ictimaiyyətində POS-terminala vurulmuş məbləğlərin həm də kassa kitabına yazılmalı olduğunu iddia edənlər var. Bəziləri isə bildirirlər ki, bu məbləğlər həm kassa kitabına yazılmalı, həm də hesabatda pərakəndə ticarət əməliyyatı kimi göstərilməldir.

Misal: Tutaq ki, “AA” MMC-nin mağazası pərakəndə ticarətlə məşğul olur və sadələşdirilmiş vergi ödəyicisidir. Şirkət 2021-ci ilin fevral ayında müştərilərdən (alıcılardan) 5.000 manat nağd pul alıb. Müştərilərin yerində aldıqları, amma ödənişi POS-terminal vasitəsilə həyata keçirdikləri malların ümumi dəyəri isə 2.000 manat olub. Bu zaman suallara aydınlıq gətirmək zərurəti yaranır:

1. Nağd hesablama dedikdə nə başa düşülür?
2. MMC POS-terminal vasitəsilə hesablaşdığı 2.000 manata kassa çeki vurmalıdırmı?
3. Kassa kitabına hansı məbləğlər yazılmalıdır?
4. Dövriyyə kimi pərakəndə ticarətin məbləği nə qədərdir?
5. Sadələşdilmiş bəyannamədə hansı məbləğ əks edilməlidir?

Birinci sualımıza cavab tapmaq üçün “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3-cü maddəsinə müraciət etməliyik. Bu maddəyə əsasən, “nağdsız hesablaşma” dedikdə, aşağıdakılar nəzərdə tutulur:

1. Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
2. Ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
3. Birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Aydın olur ki, POS-terminal vasitəsilə aparılmış hesablaşmalar nağdsız hesablaşma sayılır. Deməli, “AA” MMC-nin fevralda həyata keçirdiyi 5.000 manat nağd, 2.000 manat isə nağdsız hesablaşmadır.

İkinci sualımıza cavab tapmaq üçün Vergi Məcəlləsinin 58.7-ci maddəsinə baxmalıyıq. Burada qeyd olunub ki, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən ...”

Aydın olur ki, ümumiyyətlə əhali ilə kassa aparatı və ya qəbz ilə hesablaşma aparan vergi ödəyicisi istənilən əməliyyata görə kassa çeki və ya qəbz verməlidir.Yəni kassa aparatı ilə hesablaşma aparılan əməliyyatlarda, eləcə də əhali ilə olan bütün hesablaşmalarda kassa çeki yazılmalıdır. “Əhali ilə olan hesablaşmalar” dedikdə buraya həm nağd, həm də nağdsız əməliyyatlar daxildir. Odur ki, nağdsız əməliyyatlara görə də əhaliyə kassa çeki təqdim edilməldir. POS-terminal ilə aparılan əməliyyatlar nağdsız olduğundan, belə əməliyyatlarda kassa çeki vurulmalıdır.

Burada daha bir sual da yaranır: Nağdsız hesablaşmalara görə kassa çekinin vurulması məcburdurmu?

POS-terminalla hesablaşmalarda kassa çekinin vurulmadığını vergi orqanları nəzarət tədbirləri zamanı müəyyənləşdirsə, Vergi Məcəlləsinin 58.7-ci maddəsində olan maliyyə sanksiyaları tədbiq edə bilərlər.

Üçüncü sualımızın cavabı üçün Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 30 sentyabr 2020-ci il tarixli 365 saylı qərarına baxmaq lazımdır.

Qərarın 2.3-cü bəndində göstərilib ki, vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir.

Qaydaların 3.10.4-cü bəndinə əsasən, kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında (3 nömrəli əlavə) qeydə alınır.

Qaydalardan da göründüyü kimi, kassa kitabına ancaq nağd formada aparılmış əməliyyatların məbləğləri yazılır. Nağdsız əməliyyatların məbləğləri isə kassa kitabına yazılmır. POS-terminal əməliyyatı da nağdsız olduğuna görə kassa kitabına yazılmalı deyil. Əslində, bu cür əməliyyatların kassa kitabına yazılması məntiq və reallıq baxımından da düzgün olmazdı.

Dördüncü sualımıza cavab tapmaq üçün Vergi Məcəlləsinin 13.2.62.-ci maddəsinə baxmalıyıq. Maddədə göstərilib ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Göründüyü kimi, son istehlak məqsədilə aparılmış əməliyyatlar pərakəndə ticarət sayılır. Burada əməliyyatın nağd və ya nağdsız aparılması şərti qoyulmamışdır. Odur ki, POS-terminal vasitəsilə də aparılan əməliyyatların məbləğləri pərakəndə ticarət sayılır. Deməli, “AA” MMC-nin 2021-ci ilin fevral ayı üçün pərakəndə ticarətdən dövriyyəsi 7.000 manatdır: 5.000 + 2.000 = 7.000 manat.

Beşinci sualımızın cavabı da artıq açıqlanıb: “AA” MMC-nin sadələşdirilmiş vergi üzrə dövriyyəsi 7.000 manatdır.

Fərqanə ALLAHVERDİQIZI